AMEA-nın Kimya İnstitutu illik hesabat verib

  10 Noyabr 2019    Oxunub : 652
AMEA-nın Kimya İnstitutu illik hesabat verib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasının 2019-cu il üzrə aparılan elmi–tədqiqat işlərinin yekunlarına dair iclası keçirilib.
İnstitutdan Azvision.az -a verilən məlumata görə, iclasda AMEA-nın vitse-prezidenti, elmi müəssisənin direktoru, akademik Dilqəm Tağıyev gündəlikdə duran məsələlər haqqında danışıb. Qeyd edib ki, ümumilikdə il ərzində institutda görülən elmi-tədqiqat işlərini qənaətbəxş hesab etmək olar. Belə ki, 2019-cu ilin 10 ayı ərzində elmi müəssisənin əməkdaşlarının 100-ə yaxın məqaləsi Beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan jurnallarda dərc edilib. Onlardan 80-ə yaxını “Web of Science” və “Scopus” elmi bazalarına daxildir. İl ərzində nəşr edilən 4 monoqrafiyadan biri dünyaca məşhur olan “Teylor Francis Group” akademik nəşriyyatında çap olunub.

Akademik Dilqəm Tağıyev bildirib ki, cari ildə institut üzrə əldə olunmuş 10 mühüm elmi nəticə yaxın zamanlarda AMEA-nın Kimya Elmləri Bölməsinə təqdim ediləcək. Bundan əlavə, cari ildə 3 tətbiqi işin biznes planı da hazırlanıb. O, həmçinin diqqətə çatdırıb ki, növbəti illərdə fundamental tədqiqatlarla yanaşı, əsas diqqət respublika iqtisadiyyatına fayda verə biləcək innovativ xarakterli elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə, filiz və tullantı filizlərdən səmərəli istifadə, alternativ enerji mənbələri, korroziya məsələlərinə, hidrotexniki qurğuların qorunması və sair məsələlərin həllinə yönəldilməlidir. Eləcə də kadr hazırlığına ciddi fikir verilməli, doktorant və dissertantlara verilən mövzular perspektivli sahələri əhatə etməlidir.

Azvision.az

Teqlər: AMEA   hesabat   İnstitut