Deputatlar yol polisləri ilə görüşdülər

Deputatlar yol polisləri ilə görüşdülər
  10 Noyabr 2019    Oxunub:2257
Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsində 9 Noyabr – Dövlət Bayrağı Gününə və 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.
İdarədən Azvision.az -a verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatları tarixçi alim Fəzail İbrahimli, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komissiyasının üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə, idarənin rəisi, polis polkovniki Nuşirəvan Səfərov və şəxsi heyət iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan idarənin rəisi N.Səfərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il 18 noyabr tarixli sərəncamına əsasən hər il noyabr ayının 9-nun Dövlət Bayrağı Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.



Sonra çıxış edən Çingiz Qənizadə Konstitusiyanın mahiyyəti, məzmunu və əhəmiyyəti, habelə onun inkişaf tarixi barədə ətraflı məlumat verib. O, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Konstitusiyamızın 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsinin müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi olduğunu söyləyib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Konstitusiyada təsbit olunmuş insan hüquqlarının təmin edilməsi sahəsində Azərbaycanda son illər köklü islahatlar aparılıb. O cümlədən Konstitusiya islahatları da məhz insan hüquqlarının inkişafına və idarəetmənin təkmilləşməsinə xidmət edir. Konstitusiya zamanın tələblərinə uyğun olaraq vaxtaşırı əlavə və dəyişikliklər edilməklə təkmilləşdirilir.



Daha sonra çıxış edən deputat Fəzail İbrahimli şanlı Azərbaycan bayrağının keçdiyi tarixi yol barədə danışıb. Qeyd olunub ki, özünü Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi-siyasi varisi elan edən müasir müstəqil Azərbaycan Respublikası üçrəngli bayrağımıza yenidən sahib çıxaraq onu dövlət bayrağı kimi qəbul edib. Bu bayraq ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiqlənib. Azərbaycan xalqının milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşının qürur və and yeridir.



Tədbirin sonunda çıxış edən idarənin rəisi Nuşirəvan Səfərov həm Konstitusiyamız, həm də dövlət bayrağımız haqqında geniş və dolğun məlumat verdiklərinə görə hər iki deputata şəxsi heyət adından təşəkkürünü bildirib.

Azvision.az


Teqlər: Polis   Deputat   Görüş  





Xəbər lenti