DGK sədri Dünya Bankının nümayəndəsi ilə görüşüb

  07 Noyabr 2019    Oxunub : 913
DGK sədri Dünya Bankının nümayəndəsi ilə görüşüb
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Dünya Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Komitədən Azvision.az -a verilən məlumata görə, Səfər Mehdiyev Dünya Bankı ilə Azərbaycan gömrük orqanları arasında uzunmüddətli, səmərəli əlaqələrdən məmnunluqla bəhs edib və bu əməkdaşlığın gömrük xidmətinin inkişafına töhfə verdiyini diqqətə çatdırıb.

O bildirib ki, son dövrlərdə Prezident İlham Əliyevin gömrük sistemində reallaşdırdığı islahatlar hesabına gömrük orqanları bütün sahələrdə, o cümlədən korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə edib.

Qeyd olunub ki, bu ilin fevralından tətbiq olunan "Yaşıl dəhliz" buraxılış sistemi idxal-ixrac əməliyyatlarının sürətli və maneəsiz şəkildə həyata keçirilməsinə, ticarətin asanlaşdırılmasına, ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsinə, vətəndaş-məmur təmasının minimuma endirilməsinə və könüllü riayət prinsipinin formalaşmasına zəmin yaradıb.

Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü vurğulayan Komitə sədri Dünya Bankının "Doing Business 2020" hesabatına əsasən, Azərbaycanın dünyanın 20 ən islahatçı ölkəsindən biri kimi elan olunmasını həyata keçirilən islahatların nəticəsi kimi dəyərləndirib. Hesabatda sərhəddə ticarət indikatoru üzrə bu il Azərbaycanın bir pillə irəlilədiyini qeyd edən Səfər Mehdiyev bu mövqenin daha da möhkəmləndirilməsi üçün gələcək hədəflərdən danışıb.

Səmimi görüşə və ətraflı məlumata görə Dövlət Gömrük Komitəsinin sədrinə təşəkkür edən Dünya Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi Azərbaycanda aparılan islahatlar nəticəsində əldə olunan nailiyyətlərdən məmnunluğunu ifadə edib.

Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığını yüksək qiymətləndirən qonaq Dünya Bankının Azərbaycan hökuməti ilə bütün sahələrdə əməkdaşlığa böyük önəm verdiyini vurğulayaraq, gömrük sistemində də əməkdaşlığın perspektivləri barədə fikirlərini açıqlayıb.

Qonaq gömrük sahəsində təmsil etdiyi qurumla səmərəli əlaqələrin bundan sonra daha da güclənəcəyinə əminliyini ifadə edib.

Sonra Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsi rəisinin birinci müavini Anar Süleymanov "Gömrük sistemində islahatlar: ticarətin asanlaşdırılması" adlı təqdimatla çıxış edərək islahatlar çərçivəsində həyata keçirilən innovativ layihələr barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra qarşılıqlı maraq doğuran bəzi məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Azvision.az

Teqlər: DGK