Vilayət Eyvazov İran səfiri ilə görüşüb

Vilayət Eyvazov İran səfiri ilə görüşüb
  07 Noyabr 2019    Oxunub:3505
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 7-də İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadəni qəbul edib.
DİN-dən Azvision.az -a verilən məlumata görə, qonağı salamlayan nazir iki qonşu və dost dövlət arasındakı münasibətlərin dərin tarixi köklərə malik olduğunu, əsrlər boyu bərabər yaşayan xalqlarımızı elmi, mənəvi, mədəni tellər birləşdirdiyini, bu gün ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini, Azərbaycan və İran Prezidentləri arasındakı səmimi dostluğun və qarşılıqlı səfərlərin hərtərəfli əməkdaşlığa böyük töhfə verdiyini məmnunluqla xatırladıb.

General-polkovnik Vilayət Eyvazov iki ölkənin Daxili İşlər nazirlikləri arasında mövcud olan əlaqələrə toxunaraq nazirlər, o cümlədən digər rəhbər vəzifəli şəxslərin başçılıq etdikləri heyətlər səviyyəsində səfərlərin, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin nəinki DİN-lər, həmçinin digər hüquq mühafizə orqanları arasında sıx əlaqələrin mövcudluğundan xəbər verdiyini bildirib.

Qlobal xarakter almış transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığına qarşı mübarizənin vəziyyətinə toxunan cənab Vilayət Eyvazov əməkdaşlığın böyük imkanlara malik olduğunu, bu sahədə məlumat və təcrübə mübadiləsinin, yeni istiqamətlərin müəyyənləşdirilməsinin və birgə səylərin zəruriliyini qeyd edib.

Görüşdə cinayətkarlıqla mübarizə sahəsində nazirliklərimizin potensialının geniş olduğu, ikitərəfli əlaqələrin daha da inkişafının xalqlarımızın rifahı naminə regionda sülh və sabitlik işinə xidmət edəcəyi fikri ifadə olunub.

Səfir Cavad Cahangirzadə səmimi qəbula görə nazirə təşəkkür edib, dövlətlərimizin müvafiq strukturları arasında əlaqələrin daha da dərinləşdirilməsindən məmnunluğunu, bu yöndə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Azvision.az


Teqlər: DİN   İran  





Xəbər lenti