Azərbaycan bu göstəriciyə görə Çindən sonra ikincidir

 Azərbaycan bu göstəriciyə görə Çindən sonra ikincidir
  06 Noyabr 2019    Oxunub:3622
Azərbaycanda əhalinin təbii artımı son 8 ildə azalmağa başlayıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2011-ci ildə əhalinin təbii artımı 122310 nəfər olduğu halda, 2018-ci ildə bu rəqəm 81732 nəfər olub. Son 8 ildə ölkədə əhalinin hər 1000 nəfərinə düşən təbii artım əmsalı 13,5-dən 8,4-a enib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Azvision.az -a açıqlamasında bildirib ki, Azərbaycanda hər 20-25 illik dövriyyə çərçivəsində əhali sayında artım və azalma gedir. Bu gün azalma dövriyyəni keçdiyimizi deyən Komitə sözçüsü qeyd edib ki, təbii artımın artmamasında digər faktorlar da var.

“Araşdırmalar göstərir ki, Azərbaycan ailələrində daha çox 1 və ya 2 uşağın olmasına üstünlük verilir. Əsas məqam kimi uşağa özəl təhsilin verilməsi, xidmətlərin göstərilməsi, hüquqlarının təmin edilməsi qeyd edilir. Əvvəllər kiminsə xaricdə təhsil alması az hallarda müşahidə edilirdi. Amma indi xaricdə təhsil alan tələbələrin sayı hər il 500-700 civarında dəyişir. Valideynlər bütün diqqəti uşağın ehtiyaclarının ödənilməsinə yönəltdikləri üçün çoxuşaqlılığa meyl etmirlər”.



E.Səfəov qeyd edib ki, əvəl ailədə 2 və 3 uşaq normal hesab edilirdisə, indi 1 və 2 uşaq adi hal kimi qarşılanır.

“Üstəlik baba nənə faktoru da ailədə olmur. Gənc ailələrdə artıq ana, ata və bir-iki uşaq olur. Ona görə dəyərlər, ailədə yanaşma da dəyişir. Təbii artımın azalmasına selektiv abortların da böyük təsiri var. Qızların sayı son 20 il ərzində doğumlarda təsirini göstərir. Azərbaycan əhalisində qadınların sayı 15 il qabaq 51,9 faizi idisə, hazırda bu göstəricisi 50,1-dir. Bu çox böyük dəyişiklikdir. Azərbaycan ailələrində oğlan uşaqlarına üstünlük verilməsi halı var. Təəssüf ki, Azərbaycan dünyada doğumda oğlan uşaqlarına üstünlük verilməsinə görə Çindən sonra ikinci yerdədir. Buna qarşı da işləməliyik ki, preventiv tədbirlər gücləndirilsin”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Komitə   Ailə   Uşaq  





Xəbər lenti