“Ermənistanla danışıqlar aparmaq mənasızdır” - Sabiq diplomat

 “Ermənistanla danışıqlar aparmaq mənasızdır” -  Sabiq diplomat
  06 Noyabr 2019    Oxunub:1985
"Cəbhədə gərginlik hər an yüksələ bilər"

Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”dakı canlı yayımında sərsəm bəyanatlarının siyahısına daha bir neçəsini əlavə edib. O deyib ki, Qarabağla bağlı Ermənistanda referendum keçirilməlidir. Ardınca vurğulayıb ki, münaqişənin həllinə dair İrəvanın konkret həll yolu yoxdur.
Sabiq diplomat, politoloq Fikrət Sadıqov Azvision.az-a şərhində bildirib ki, Paşinyanın tapmacalarını açmaq çox mürəkkəb məsələdir. Çünki hakimiyyətə gəlişindən sonra çox sayda ziddiyətli bəyanatlar verib. Onun özü də, ətrafında olanlar da dəqiq dərk etmirlər ki, nə danışır, nə deyir.

F.Sadıqov vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünü bütün beynəlxalq strukturlar, dövlətlər birmənalı şəkildə tanıyır: “Bu, həqiqətdir. Ermənistanda Qarabağla bağlı referendumun keçirilməsi tam absurddur, cəfəngiyyatdır. Harada görülüb ki, bir dövlət başqa dövlətin taleyini referendum şəklində həll etsin. Yəni bu reallıqdan olduqca uzaq məna daşıyır. Bunu heç müzakirə etməyə də dəyməz. Sadəcə Paşinyan ya kimisə sakitləşdirmək istəyir, ya da kimlərəsə xoş niyyət nümayiş etdirir. Amma onun dedikləri birmənalı şəkildə danışıqlar prosesinə zərbədir. Ola bilsin, Paşinyan ya bunu başa düşərək edir, ya başa düşməyərək, amma hər halda danışıqlardan bu şəkildə yayınırsa, Azərbaycan Ermənistanla başqa dillə danışmalı olacaq”.

Politoloq hesab edir ki, belə sərsəm bəyanatlar fonunda Ermənistanla danışıqlar aparmaq mənasızdır: “Reallıq odur ki, Azərbayca Respublikasının Prezidenti onunla danışıqlar aparmır. ATƏT-in Minsk qrupu toplaşır, xarici işlər nazirləri görüşür, formal danışıqlar aparılır. Amma bunlar heç bir məna daşımayan görüşlərdir. Bunu heç danışıqlar da adlandırmaq olmaz. Çünki stol üstündə konkret təklif yoxdur. Paşinyan keçmiş hakimiyyətin mövqeyində qalır və onu “demokratik” ifadələrlə ört-basdır etməyə çalışır. Amma bunun ciddi əhəmiyyəti yoxdur. Çünki Paşinyan real danışıqlar aparmağa qadir deyil”.

F.Sadıqovun fikrincə, cəbhədə gərginlik hər an yüksələ bilər: “Cəbhədə intensiv döyüşlər getmir. Amma işğal olunmuş torpaqlardan mövqelərimizə və dinc əhaliyə snayperlərdən atəş açılır. Bəlkə də erməni tərəfini bu qane edir. Ancaq bizi yox. Burada hansı sakitlikdən danışa bilərik? Bu sakitlik əbədi ola bilməz. Əgər sakitlik Ermənistan tərəfindən hansısa kompromislər fonunda getsəydi, bunu müsbət qiymətləndirmək olardı. Torpaqlarımızın işğal altında qalması fonunda sakitlik kimə lazımdır? Düşünmürəm ki, cəbhədə gərginliyin azalması uzun müddət davam etsin. Çünki Ermənistan qəsdən gərginliyi artırmağa çalışır”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Ermənistan   Qarabağ   Paşinyan  





Xəbər lenti