Qax-İlisu yolu yenidən qurulub

Qax-İlisu yolu yenidən qurulub
  04 Noyabr 2019    Oxunub:4160
Başlanğıcını Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 96-cı kilometrindən götürən Qax-İlisu marşrutu üzrə avtomobil yolunda yenidənqurma işləri yekunlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, Qax-İlisu marşrutu üzrə 35,5 kilometr uzunluğunda olan avtomobil yolu 4 hissədən ibarətdir. Bura yolun uzunluğu 13,2 kilometr olan Qorağan-Qax şəhəri hissəsi, 6,3 kilometr uzunluğa malik Turaclı, Qarameşə, Əmircan və Meşəbaş kəndlərinin giriş yolları, uzunluğu 7,9 kilometr olan Qax şəhərinin mərkəzi hissəsi – Heydər Əliyev prospekti və 8,1 kilometrlik Qax şəhəri-İlisu kənd hissəsi daxildir.



Qorağan-Qax-İlisu avtomobil yolu uzun illər istismar olunduğundan, yol örtüyündə aşınmalar, tor şəkilli çatlar, qabarmalar və çökmələr əmələ gəlmişdi. Sözügedən problemlərin aradan qaldırılması üçün agentlik tərəfindən III və IV texniki dərəcəyə uyğun təmir-tikinti işləri aparılıb.

Layihəyə uyğun olaraq, yeni yol yatağı inşa edilib, yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.



Suötürücü borular istismar üçün yararsız vəziyyətə düşdüyündən yolboyu müxtəlif diametrlərə malik 1085 poqonmetr metal və dəmir-beton suötürücü borular quraşdırılıb, düzbucaqlı su keçidləri inşa edilib, həmçinin yol keçidlərində və kommunikasiya xətlərinin keçirilməsi üçün 1280 poqonmetr uzunluğunda azbest və dəmir-beton boruların qurtaşdırılması işləri də aparılıb.

Hazırda mövcud piyada səkiləri və yol ayrıcı bərpa olunub, kənarlarına 13,7 min poqonmetr uzunluğunda yeni səki daşları düzülüb, 8,7 min poqonmetr uzunluğunda “U” şəkilli dəmir-beton küvetlər, həmçinin beton arxlar inşa edilib.



Layihə çərçivəsində Ağçay üzərində 60 metr və Kürmük çayı üzərində 114 metr uzunluğa malik iki avtomobil körpüsündə əsaslı şəkildə təmir-bərpa işləri aparılıb. Eyni zamanda, 10 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün yolboyu siqnal dirəyi, yol nişanı və məlumatverici lövhə, kilometr göstəricisi quraşdırılıb, üfüqi nişanlanma xətləri çəkilib.

Yenidənqurma işləri Qax şəhəri də daxil olmaqla yolboyu yerləşən 9 yaşayış məntəqəsinin 20 minə yaxın əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmaqla yanaşı, dağ turizminin inkişafına gətirib çıxaracaq.





Azvision.az


Teqlər: Qax   İlisu   Yol   AAYDA  





Xəbər lenti