Şəhid polkovnikin xatirəsi anılıb - FOTOLAR

Şəhid polkovnikin xatirəsi anılıb -    FOTOLAR
  02 Noyabr 2019    Oxunub:2350
Noyabrın 2-də “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində 2016-cı ilin aprel döyüşlərində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat rəisi, polkovnik Vüqar Yusifovun xatirəsinə həsr olunmuş “Şəhidlik ölümsüzlükdür” adlı anım tədbiri keçirilib.
Azvision.az xəbər verir ki, tədbir şəhid polkovnikin üç övladının Azərbaycan Respublikasının Dövlət Himnini canlı ifa etməsilə başlayıb.

Tədbirdə şəhid polkovnikin ailə üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, millət vəkilləri, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, qazilər və “Regional İnkişaf” İctimai Birliyinin könüllü gəncləri iştirak ediblər.

Anım tədbirində Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş qəhrəmanımızın döyüş yolu haqqında iştirakçılara məlumatlar verilib.

Qeyd edilib ki, qəhrəmanların həyatı və keçdiyi döyüş yolu hər bir gəncimiz üçün örnəkdir. Aprel döyüşlərində şəhid olmuş komandirlərin döyüş yolu, onların şəhidlik məqamına ucalması Azərbaycan zabitinin hər an əsgərinin önündə Vətən torpağının düşmən tapdağından azad etməyə hazır olduğunu göstərir. Aprel döyüşlərində gənc əsgərlərimizin rəşadəti və şücaəti ordumuzun döyüş hazırlığını sübut edib.

Şəhid polkovnikin atası Nurəddin Yusifov qeyd edib ki, Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan hər bir qəhrəmanımızın xatirəsi xalqımızın ürəyində daima yaşayacaqdır. Dövlətimizin ərazi bütövlüyü yalnız milli birlik, xalqımızın döyüş əzmi sayəsində bərpa olunacaqdır.

Daha sonra Gənclər Fondunun maliyyə dəstəyilə çəkilmiş, şəhid polkovnikin döyüş yolunu əks etdirən “Vüqarlı dağlar” sənədli filminin təqdimatı olub.

Tədbirdə son çıxışı əfsanəvi kəşfiyatçı, "Murov Qartalı" polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə edib. O, şəhidlərimizin xatirəsini daim yaşatmaq və gənclərimiz arasında vətənpərvərlik ruhunun daha da yüksəldilməsi məqsədilə mütəmadi olaraq məktəb və universitetlərdə də tədbirlər təşkil etdiklərini və bu işlərin görülməsində onlara dəstək olan hər kəsə təşəkkürlərini bildirib.











Anar Kəlbiyev
Azvision.az


Teqlər: Şəhid   Polkovnik   Aprel-döyüşü  





Xəbər lenti