Gəmilərin limanlara giriş-çıxışı məhdudlaşdırıldı

  01 Noyabr 2019    Oxunub : 937
 Gəmilərin limanlara giriş-çıxışı məhdudlaşdırıldı
Dövlət Dəniz Agentliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Agentlikdən Azvision.az-a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan noyabrın 2–si gündüzdən 3–ü səhərədək Xəzər Dəniz Akvatoriyasında şimal–qərb, şimal küləyinin sürəti saniyədə 18–23 metr, arabir saniyədə 28–33 metr olacağı ilə bağlı Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olub. Açıq dənizdə isə küləyin sürəti arabir saniyədə 35 metrədək güclənəcək. Dənizdə dalğanın hündürlüyü 2–4 metr, sonrakı inkişafda isə 5,5–7,5 metr olacaq.

Hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə NAVTEX və digər rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.

Milli Mərkəz təcrübəli kapitanlar vasitəsilə idarə olunur. Gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz şəkildə lövbərdə durması prosesi radarlar vasitəsilə fasiləsiz müşahidə olunur.

Növbə çəkmə ərazilərində növbə çəkən gəmilərin hərəkətində problem yaşanmayıb. Bununla yanaşı, dənizdə neft–qaz platformalarının aid olduğu qurumlar hava xəbərdarlığı ilə bağlı məlumatlandırılıb. Azərbaycanın sahilboyu ərazilərində son naviqasiya və rabitə stansiyaları tam gücü ilə işləyir.

Gəmilərin limanlara giriş çıxışı məhdudlaşdırılıb. Hava şəraitinə uyğun olaraq Milli Mərkəzin təcrübəli kapitanları tərəfindən gəmilərin hərəkətinə və limanlara giriş–çıxışına icazə veriləcək. Dövlət Dəniz Agentliyinin gündəlik iş rejimində olduğu kimi Azərbaycanın ərazi sularında istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi yüksək səviyyədə görülür. Dövlət Dəniz Agentliyinin rəhbərliyi Milli Mərkəzlə fasiləsiz əlaqə saxlayır və gəmilərin hərəkətinin təhlükəsizliyinin təminatı diqqətdədir. Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.

Xəzəryanı dövlətlər arasında yalnız Azərbaycanda fəaliyyət göstərən Milli Mərkəzdə quraşdırılan müasir avadanlıqlar vasitəsilə Xəzər dənizi daxil olmaqla dünya okeanlarının hər hansı bir koordinatlarında hərəkətdə olan gəmilər də mütəmadi müşahidə oluna bilir.

Milli Mərkəz tərəfindən, eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri, Xəzər Dəniz Gəmiçiliyinin müvafiq növbətçi xidməti, Dövlət Neft və BP Şirkətinin müvafiq qurumları ilə mütəmadi qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir.

Bu müddət ərzində heç bir problem və çətinlik yaşanmayıb.

Azvision.az

Teqlər: Külək   Gəmi   Liman   Dəniz