Prezident: "Ermənilər faşistlərin əlaltılarının xatirəsinə ehtiram bəsləyir"

  30 Oktyabr 2019    Oxunub : 842
 Prezident: "Ermənilər faşistlərin əlaltılarının xatirəsinə ehtiram bəsləyir"
"Aşqabad Zirvə Görüşü zamanı mən belə bir məsələ də qaldırdım ki, MDB məkanında da təəssüf ki, faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi faktları var. Məhz Ermənistanda faşist cəllad Ter-Arutyunyan qəhrəman səviyyəsinə qaldırılıb. Ermənistanda meydanlara, küçələrə onun adı verilib".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edərkən deyib.

Prezident bildirib ki, bir neçə il bundan əvvəl isə Ermənistan paytaxtının mərkəzində ona təqribən 6 metr hündürlüyündə heykəl qoyulub: "Bu adam deyirdi ki, “Almaniya uğrunda ölənlər Ermənistan uğrunda ölür”. Bu adam SMERŞ tərəfindən tutularaq uzunmüddətli həbs cəzasına məhkum edilib və onun şərəfsiz ömrü Vladimir həbsxanasında başa çatıb. Bax, belə bir “xadim”ə heykəl qoyulub və bu heykəl indiyə qədər götürülməyib. Mən həm dövlət başçılarının, həm də Ermənistanın yeni rəhbərliyinin diqqətini bu məqama cəlb etdim ki, MDB məkanında bu, yolverilməz hərəkətdir".

Ölkə başçısı vurğulayıb ki, Ermənistanın yeni rəhbərliyi özünün faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi ilə assosiasiya edilməsinə imkan verməməlidir: "Təəssüf ki, bu heykəl indiyə qədər götürülməyib və bu, erməni tərəfin səmimiyyəti barədə çox böyük suallar doğurur. Erməni tərəfi deyir ki, o da qəhrəmanların xatirəsinə ehtiram bəsləyir. Bu, nonsensdir, ona görə ki, onlar faşistlərin əlaltılarının xatirəsinə ehtiram bəsləyir, yəni, əslində, bu mənfur əməllərə qarşı mübarizədə canlarından keçmiş insanların xatirəsinin təhqir edildiyini görürük. Buna görə biz öz tərəfimizdən bundan sonra da həm Birlik ölkələrinin, həm də digər dövlətlərin ictimaiyyətinin bu məsələyə diqqətini Qələbənin 75 illiyinə hazırlıq prizmasından cəlb edəcəyik. Düşünürəm ki, biz birgə səylərimizlə bundan sonra da işimizi bu istiqamətdə davam etdirəcəyik ki, Böyük Vətən müharibəsi haqqında həqiqət bütün dünya birliyinin, xüsusən gənc nəslin diqqətinə çatdırılsın".

Azvision.az

Teqlər: Prezident   MDB