Komitə sədri yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb

Komitə sədri yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb
  30 Oktyabr 2019    Oxunub:1143
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı oktyabrın 30-da ölkəmizdə səfərdə olan ABŞ yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb.
Komitədən Azvision.az -a verilən məlumata görə, qonaqları salamlayan DQİDK sədri onlara Komitənin fəaliyyət istiqamətləri, eyni zamanda Azərbaycanda mövcud olan multikulturalizm ənənələri, dinlərarası tolerantlıq və harmoniya haqqında ətraflı məlumat verib.

Bildirib ki, Azərbaycan əhalisinin 96 faizi müsəlmanlardır. Ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində birgə yaşayırlar. Respublikada 35 qeyri-müsəlman dini icmasının dövlət qeydiyyatına alındığını söyləyən Mübariz Qurbanlı yəhudiliyin Azərbaycanda qədim tarixə malik olduğunu vurğulayıb. Ölkəmizdə Dağ, Avropa və Gürcü yəhudi icmalarının, 7 sinaqoqun fəaliyyət göstərdiyini qeyd edən Komitə sədri Azərbaycanda müsəlman dini icmalarla yanaşı,
qeyri-müsəlman dini icmalara dövlət tərəfindən maddi yardımın ayrılmasının ənənə halını aldığını diqqətə çatdırıb.

O, Ulu Öndər Heydər Əliyevin siyasətini layiqli formada davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əldə edilən uğurların, ictimai-siyasi həyatdakı sabitliyin din sahəsində də özünü göstərdiyini deyib.

Görüş zamanı nümayəndə heyətinin üzvlərinə Azərbaycan həqiqətləri barədə də danışan DQİDK sədri bildirib ki, 20 faiz torpaqlarımız ermənilər tərəfindən işğal olunub. Münaqişə nəticəsində işğal olunmuş torpaqlarımızda dini-tarixi abidələrin məhv edildiyini vurğulayan M.Qurbanlı bütün bunlara baxmayaraq, Bakıda erməni kilsəsinin qorunub saxlanıldığını deyib. Əlavə edib ki, təkcə elə bu fakt xalqımızın tolerantlığının bariz göstəricisidir.

Səmimi görüşə görə təşəkkürünü bildirən Amerika Yəhudi Komitəsində Rusiya və Avrasiya işləri üzrə direktor Samuel Kliger Azərbaycanın yəhudilərin azad şəkildə öz dini inanclarını icra etdiyi ölkələr içərisində ön sıralarda olduğunu qeyd edib.

Azərbaycanda yəhudi dini icmalarına, o cümlədən yəhudi irsinin qorunmasına göstərilən diqqət və qayğıya görə məmnunluğunu ifadə edən ABŞ və Kanada Buxara Yəhudiləri Konqresinin koordinatoru Rafael Nektarov təmsil etdiyi qurum barədə məlumat verib. Təşkilatın öz fəaliyyətində daim Azərbaycanın mövqeyini dəstəklədiyini və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi üçün bütün mümkün səyləri, əməkdaşlığı həyata keçirməyə niyyətli olduqlarını deyib.

Qonaqların çıxışlarında Azərbaycanın iqtisadi sahədə ciddi uğurlar qazanması, Bakı şəhərinin abadlığı və gözəlliyi, azərbaycan xalqının qonaqpərvərliyi xüsusi olaraq vurğulanıb.

Qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərin də müzakirə olunduğu görüşün sonunda nümayəndə heyətinin üzvlərinə Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi, Azərbaycandakı dini tolerantlıq mühitindən və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmindən bəhs edən kitablar təqdim edilib.

Azvision.az


Teqlər: Din   Komitə  





Xəbər lenti