Azərbaycan ABŞ-a nota verəcək

 Azərbaycan ABŞ-a nota verəcək
  30 Oktyabr 2019    Oxunub:2655
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təmsilçisi Masis Mayilyanın ABŞ ərazisinə daxil olması ilə əlaqədar ölkəmizin ABŞ-dakı səfiri Azərbaycan tərəfinin ciddi etirazını Dövlət Departamentinin diqqətinə çatdırıb.
Bu barədə Azvision.az -a Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, Azərbaycan səfirliyi tərəfindən ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerinə, eləcə də rəhbər heyətinə, bir-sıra komitə sədrlərinə müvafiq məktublar ünvanlanıb:

"Eyni zamanda, ATƏT-in Minsk Qrupunun Amerikalı həmsədrinə də bu xüsusda etiraz çatdırılıb. Qondarma qurumun təmsilçisinin viza müraciətində yanlış məlumatlar verdiyi halda, bu məsələyə ABŞ tərəfindən göz yumulmasının və ABŞ-ın ümumi siyasətinə uyğun gəlməyən bu yanaşmanın təəccüb doğurduğu ABŞ rəsmilərinin qarşısında qaldırılıb. ABŞ tərəfi M.Mayilyanın səfərinin şəxsi xarakter daşıdığını və administrasiyanın onu dəstəkləmədiyini və onun hər hansı administrasiya rəsmisi tərəfindən qəbul edilməyəcəyini bildirib. ABŞ-ın separatçı rejimi tanımamaq siyasətinin dəyişməz olaraq qaldığı vurğulanıb. Qeyd etmək istərdik ki, sözügedən məsələ ilə bağlı ölkəmizin ABŞ-dakı səfirliyi tərəfindən Dövlət Departamentinə etiraz notası ünvanlanacaq. Eyni zamanda, Xarici İşlər Nazirliyi ABŞ-ın Bakıdakı səfirliyinə etirazını bildirəcək".

P.Sultanova
Azvision.az


Teqlər: Azərbaycan   ABŞ   Nota  





Xəbər lenti