Bakı metrosundakı dəhşətli qəzadan 24 il ötür

Bakı metrosundakı dəhşətli qəzadan 24 il ötür
  28 Oktyabr 2019    Oxunub:3087
Xalqımızın tale kitabındakı faciəli səhifələrin son iki ən ağırı, ötən əsrin axırlarına təsadüf edir. Hər ikisi də şənbə günü baş verib, qanlı şənbə adı ilə yaddaşımıza həkk olub, qəlbimizə vurduğu yaralar hələ də köz bağlamayıb. 20 yanvar 1990-cı il və 28 oktyabr 1995-ci il. Hər iki hadisənin Bakı metrosu ilə əlaqəsi olsa da, ikincisi birbaşa yeraltı polad magistralımızla bağlıdır.
Azvision.az xəbər verir ki, 24 il bundan əvvəl həmin şənbə günü axşam saat 6 radələrində “Ulduz” stansiyasından “Nəriman Nərimanov” stansiyası istiqamətinə yola düşən qatar mənzil başına yetişmədi...

Stansiyadan təxminən 80-100 metr aralanan qatarda baş verən qəfil yanğın 279 sərnişinin həyatına elə tuneldəcə son qoydu. 270 nəfər xəsarət aldı. Bu, dünya metropolitenləri tarixində baş vermiş ən böyük hadisə idi və Ginnesin rekordlar kitabına daxil oldu. O günü 24 ildən sonra belə xatırlamaq çox çətindir. Faciə bütün dünyanı sarsıtdı. Həlak olmuş günahsız insanların xatirəsinə respublikada iki günlük matəm elan olundu. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev xalqa dərin hüznlə müraciət etdi, başsağlığı verdi. Dövlət başçısının fərmanı ilə dövlət komissiyası təşkil edildi. Ekspertizaya Respublika Elmlər Akademiyasının əməkdaşları, dünyanın 12 ölkəsinin mütəxəssisləri cəlb olundu.

Hadisənin baş verdiyi ilk anlarda ölüm təhlükəsi ilə üz-üzə qalan insanlara metropoliten işçiləri, elə həmin qatarın sərnişinləri tərəfindən köməklik göstərildi. Yüzlərlə insan operativ xilasetmə tədbirləri nəticəsində tuneldən çıxarıldı. İnsanları ölümdən qurtaranlar arasından 3 nəfər isə özləri özlərinə yardımçı ola bilmədilər. Tuneldəki qara tüstü Naxçıvanski adına hərbi məktəbin zabiti Çingiz Babayevin, məktəbin kursantları Nicat Səfərov, Ruslan İsayev və Samir Məmmədovun gözlərini əbədi olaraq yumdu.



Prezident Heydər Əliyevin 3 noyabr 1995-ci il tarixli fərmanı ilə, ölümlərindən sonra, Çingiz Babayevə Milli Qəhrəman adı verildi, kursantlar Nicat Mürvət oğlu Səfərov, Ruslan Məmməd oğlu İsayev və Samir Nadir oğlu Məmmədov "İgidliyə görə" medalı ilə təltif olundular. Milli Qəhrəman Çingiz Babayevin adını əbədiləşdirmək üçün metronun "Ulduz" stansiyasında, həmçinin C.Naxçıvanski adına hərbi liseydə büstü qoyuldu, ali təhsil aldığı Azərbaycan Texniki Universitetinə və yaşadığı binaya xatirə lövhəsi vuruldu.

O məşum payız axşamı metropoliten kollektivi, həmişə olduğu kimi, yenə də öz xarakterini nümayiş etdirdi. Hadisədən xəbər tutan metropolitençilər, harada olmalarından asılı olmayaraq, zərərçəkənlərə kömək göstərmək, yanğının nəticələrini aradan qaldırmaq, kabelləri, işıqlandırmanı, təmas relsini bərpa etmək, tunel və stansiyanı təmizləyib sahmana salmaq üçün iş yerlərinə gəldilər. Tunel tam boşaldıqdan sonra tezliklə hərəkəti bərpa etməkdən ötrü tədbirlər görüldü.

O vaxtdan ötən illər ərzində 28 oktyabr tarixi metropolitendə unudulmur, Çingiz Babayevin büstü ziyarət edilir, faciə qurbanları və insanları ölümün cəngindən xilas etmək üçün həyatını fəda etmiş Vətən oğulları yad edilir. Heydər Əliyevin onlar barədə 24 il bundan əvvəl dediyi kimi, bu, onların böyük vətənpərvər olduğunu nümayiş etdirir. Həyatını insanların xilası üçün fəda edənlər, özlərini qurban verənlər unudulmur.

Azvision.az


Teqlər: Metro   Faciə  





Xəbər lenti