Qar qara gün deyil... - REPORTAJ

  12 Dekabr 2013    Oxunub : 2046
Qar qara gün deyil... - REPORTAJ
Əslində qışda qarın yağması təbii prosesdi. Amma Azərbaycanda qar yağanda ortaya elə problemlər çıxır ki, ağ qar insanın üzünü qaraldır. Sadə vətəndaşın qaralan üzündən isə bəzən cavabdehlər üzərinə düşən payı götürmürlər. Hal-hazırda Türkiyədə yaşayıram və bu ölkədə ikinci qışın içindəyəm.



Bələdiyyələr qışa bələddi

İki gündü səngimədən yağan qar demək olar ki, bu ölkənin bir çox şəhərlərini bürüyüb. Amma mən elə iki ildir ki, Türkiyənin qışa hazırlığını müşahidə edirəm. Qar xəbəri gələndən bələdiyyələrin fəaliyyəti, insanlarla təması isə xüsusi qeyd olunmalıdır. Bələdiyyə orqanları ərazisində yaşayan vətəndaşların mobil telefonlarına mesaj göndərir, həm gecə, həm də gündüz əməkdaşlarının iş başında olduğunu xatırladır. Eyni zamanda vətəndaşına qaynar xətt nömrəsini təqdim edir və hər hansı üzləşdiyi problem zamanı onlara müraciət etməyi xahiş edir. Elə uzağa getmədən yaşadığım ərazidə bələdiyyə işçilərinin hətta ara küçələri qardan təmizlədiyinin şahidi oluram. Türkiyədə yaşayanlar bilir ki, bu ölkədə qaz problemi var və hələ də bir çox binalarda təbii qaz yoxdu. Hətta mərkəzi yerlərdə belə eyni problem var. Amma bələdiyyə təbii qazı olmayan binaları kömür ehtiyatı ilə təmin edir. Hətta əməkdaşları evləri gəzir və durumu öyrənir.



Təbii ki, burada da işini görməyən qurumlar var və problem içində yaşayan insanların sayı çoxdu. Amma nəzərə alaq ki, Türkiyənin 70 milyondan çox əhalisi, eyni zamanda bu ölkəyə işləməyə və yaşamağa gələn minlərlə xarici vətəndaş var. Onların da yükünü Türkiyə Cümhuriyyəti çəkir.

Polislər nə edir?

Mövzudan yayınmadan yenidən qayıdaq qara və bu şəraitdə görülən işlərə. Yuxarıda bələdiyyələrin işini qeyd etdik. Soyuq qarlı havada buzlaşmış yollarda polislərin də üzərinə ciddi iş düşür. Burda polislər işlərini bilir. Düzdü yol qəzaları, ölüm faktları qaçılmazdı. Tıxac problemi isə Türkiyənin, xüsusilə İstanbulun “yaraşığıdır”. Amma polislər işlərini kifayət qədər nizamla qurur, qar zamanı maşınların hərəkətinə yardım edir. Yerli yersiz sürücüləri saxlamır, yoxlamalar aparmır.



Sadəcə maşınlarında qış təkəri istifadə etməyən sürücülər, xüsusilə də taksi sürücüləri polisin cəriməsindən qurtara bilmir. Yollar isə durmadan təmizlənir. Hətta bu işdə yol polisləri bələdiyyə işçilərinə yardım etməkdən də çəkinmirlər.

Qarda evsizlər harda qalır?



Qar yağır, pis-yaxşı evi olan insan isti ocağına tələsir. Evinə girəcək, soyuqdan donmuş bədəni ev hərarəti və isti çayı ilə açılacaq. Amma İstanbulda yüzlərlə insan var ki, onlar evsizdir və həyatlarını küçədə keçirir. Onların yataqları parklardakı oturacaqlardır. Qar yağanda bu insanlar necə olacaq deyə düşünürdüm. Amma bu gün küçədə yatan bir insan belə yox idi. Onların harada olduqları ilə maraqlandım və tapdım. İstanbul İlçə müdürlüyü (Təxminən bizdəki İcra hakimiyyətinin funksiyasını yerinə yetirir) göstəriş verib və bütün evsiz insanlar dövlətin nəzdində olan idman saraylarına yerləşdirilib. Onlara isti yataq, yemək və çay verilir. Bundan başqa evsiz və tənha insanalara geyim və digər ehtiyacları odənir.



Təbii ki, onların bir çoxu da baxım evlərinə göndərilir. Bu qərar qış fəsli bitənə qədər keçərlidir. Gərək ki, iki il əvvəl Bakıda da evsizlərə çadır qurulmuşdu. Amma bu yalnız qar olan günlərə şamil edilmişdi.

Suriyalılara xüsusi diqqət yetirilir



Hazırda Türkiyədə qaçqın olaraq yerləşən 600 minə qədər suriyalı var. Bu suriyalıların kirayədə yaşayanı da, zəngini də var. Amma küçələrdə daha çox evsiz və dilənən suriyalılarla rastlaşmaq olur. Onlar gündüzlər əl açaraq çörək pulu qazanır, gecələr isə parklarda, avtobus dayanacaqlarında, açıq metro stansiyalarında gecələyir. Amma qış və qarla əlaqədar olaraq evsiz suriyalılara da çadırlar qurulub. Həm Qızıl Ay, həm də dövlət qurumları suriyalı qaçqınları çadırlarda və idman salonlarında yerləşdirib. Evsiz suriyalılar bu qışı qardan seçilməyən ağ çadırlarda keçirəcək.



Sahibsiz heyvanlar

Bu ölkədə diqqət yetirilən həssas mövzulardan biri də sahibsiz heyvanlardır. Əslində isti havalarda da vətəndaşlar sahibsiz heyvanlara qayğı göstərir. Amma qarlı günlərdə də insanlar çarəsiz heyvanları unutmur. Onlara yemək verir, küçələrin bəzi hissələrində kiçik çadırlar quraraq heyvanları donvurmadan qorumağa çalışırlar. Vetinarlar isə küçələrdə yardıma ehtiyacı olan heyvanlara ilkin tibbi yardım göstərir.



Bunları yazmaqla amacım yaşadığım ölkəni məth etmək deyil. Sadəcə sevdiyim vətənimdə də bu hallara diqqt edilməsi arzusundayam. Qazı, elektiriki, nefti, bütün təbii sərvətləri olan Azərbaycanda qar yağanda həyat durur. Sadəcə cavabdeh orqanlar təcrübələrdən doğru yararlansalar insanlarımız qar sevincini doğru-dürüst yaşayar. Ümid edirəm ki, bir gün qar yağanda Bakıdan da belə ürəklə yazmaq nəsib olacaq.



Məhsəti Şərif, İstanbul
AzVision.az


Teqlər: