10 gün əvvəl törədilən qətlin üstü açıldı - Cinayətin təfərrüatı

  10 gün əvvəl törədilən qətlin üstü açıldı -    Cinayətin təfərrüatı
  26 Oktyabr 2019    Oxunub:3870
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) Bakıda törədilmiş qətllə bağlı birgə məlumat yayıb.

Azvision.az -a daxil olan birgə məlumatda bildirilib ki, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.
Belə ki, paytaxtın Biləcəri qəsəbə sakini Çiçək Əsgərova oktyabrın 16-da Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edərək həyat yoldaşı Elvin Həbibzadənin oktyabrın 14-də özünə məxsus “BMW” markalı avtomobillə evdən çıxıb getdiyini və geri qayıtmadığını bildirib.

Məlumatla əlaqədar itkin düşmüş şəxsin yerinin müəyyən edilərək tapılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Nəticədə E.Həbibzadəyə məxsus avtomobil Qaradağ rayonunun Qızıldaş qəsəbəsində tapılıb və nəqliyyat vasitəsinə baxış keçirilərkən salonda qan izləri aşkar edilib.

Cari il oktyabrın 25-də Elvin Həbibzadənin üzərində zorakılıq əlamətləri olan meyit Xəzər rayonunun Türkan qəsəbəsindəki evlərdən birinin qarşısındakı su quyusunda aşkar edilib və Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən oradan çıxarılıb.

Polis və prokurorluq orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupunun üzvləri məhkəmə-tibb ekspertinin də iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İlkin araşdırmalarla müəyyən edilib ki, Bakı şəhər sakini Səbuhi Ələkbərov yaxın qohumu Rəşad Fətullayevlə qabaqcadan cinayət əlaqəsinə girərək ailə-məişət zəminində yaranmış mübahisəni həll etmək məqsədilə Elvin Həbibzadənin idarə etdiyi “BMW” markalı avtomaşınla oktyabrın 15-də axşam görüş bəhanəsi ilə Qaradağ rayonunun Sahil qəsəbəsinə gəliblər. Avtomaşında tərəflər arasında kəskin mübahisə yaranıb, E.Həbibzadə S. Ələkbərovun və ailəsinin ünvanına nalayiq ifadələr işlədərək avtomaşındakı bıçaqla onun sol əlinə xəsarət yetirib. Bu zaman S.Ələkbərov müqavimət göstərən sürücünün qollarını tutub və R.Fətullayev qayçı ilə arxadan boyun nahiyəsinə zərbə endirərək E.Həbibzadəni qətlə yetirib. Daha sonra hər iki şəxs izi itirmək məqsədilə meyiti həmin avtomobillə Xəzər rayonuna gətirərək burada S.Ələkbərovun babasına məxsus evin qarşısındakı quyuya atıblar.

Qeyd olunan ağır cinayət əməllərini törətdiklərinə əsaslı şübhələr olduğuna görə Səbuhi Ələkbərov və Rəşad Fətullayev Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə oktyabrın 25-də şübhəli şəxslər qismində tutulublar.

Hazırda cinayət işi zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: Cinayət   Qətl   Binəqədi   Ölüm   Meyit  





Xəbər lenti