Sumqayıtda mənşəyi bilinməyən məhsullar aşkarlanıb
Monitorinq zamanı süd məhsulları olan bölmənin vitrinində mənşəyi məlum olmayan, etiketlənməyə dair tələbləri (məhsulun adı, növü və tərkibi, miqdarı (çəkisi), qida dəyərliliyi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanılma şərtləri, istehsalçının adı, ünvanı) qeyd edilməyən “Alman pendiri”, “Bərdə pendiri”, “İsmayıllı pendiri” adları altında satılan, ümumi çəkisi 292,8 kq olan pendir və 29,5 kq şor aşkarlanıb.
Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib. Laborator müayinələrin nəticələrinə əsasən məhsulların normaya uyğun olmadığı aşkarlanıb. Aşkarlanan nöqsanlar əsasında, qanunvericiliyin tələbləri çərçivəsində standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına görə müəssisənin rəhbəri barədə inzibati protokol tərtib edilib, həmin məhsullar satışdan çıxarılıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirləri bundan sonra da davam etdirəcək, Agentlik tərəfindən istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçiriləcəkdir.
Azvision.az