Dövlət və hökumət başçılarının xanımları İçərişəhərdə

  25 Oktyabr 2019    Oxunub : 1153
 Dövlət və hökumət başçılarının xanımları İçərişəhərdə
Qoşulmama Hərəkatının XVIII Bakı Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının xanımları oktyabrın 25-də İçərişəhərlə tanış olublar.
Azvision.az xəbər verir ki, İçərişəhərdə gəzinti tarixi XII əsrə söykənən Qoşa Qala qapılarından başlayıb. Kiçik Qala küçəsi ilə gəzinti zamanı xanımlar isti təndir çörəyinə qonaq ediliblər.

Elektromobillə gəzinti zamanı qonaqlara UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlıq və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

Qonaqlar orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi ilə də tanış olublar. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə tanışlıq zamanı qonaqlara burada Azərbaycana xas olan milli ornamentlərin və dizayn elementlərinin mənşəyi və onların yaradılması metodları haqqında biliklərin öyrədildiyi, müxtəlif xalq sənəti nümunələrinin beynəlxalq səviyyədə təbliğ olunduğu bildirilib.

Dövlət və hökumət başçılarının xanımları İçərişəhərdəki “Bəylər” məscidinə gələrək burada yaradılan “Müqəddəs əmanətlər” ekspozisiyası ilə tanış olublar. Diqqətə çatdırılıb ki, ekspozisiyada İslam dininin müqəddəs əmanəti olan müxtəlif dövrlərə aid qədim “Qurani-Kərim” kitabları nümayiş etdirilir.

Sonra qonaqlara Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə də ətraflı məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Qonaqlara Qız qalasında konservasiyası işlərindən sonra yaradılan muzey ekspozisiyası barədə də məlumat verilib.

İçərişəhər qonaqlarda zəngin təəssürat yaradıb.

Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının xanımları “Muğam klub”da birgə nahar ediblər.

Azvision.az

Teqlər: İçərişəhər   Bakı   Gəzinti