BƏƏ-nin XİN rəhbəri Bakıda təltif olundu

BƏƏ-nin XİN rəhbəri Bakıda təltif olundu
  23 Oktyabr 2019    Oxunub:1424
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər üzrə Dövlət naziri Ənvər Qarqaşı ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəlcə nazir Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarına Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş medalı təqdim edib. Qarşı tərəf təltif üçün nazir E.Məmmədyarova səmimi təşəkkürünü ifadə edib.

Görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Nazir Ənvər Qarqaşı Qoşulmama Hərəkatının nazirlər toplantısının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib və ölkəmizin təşkilata sədrliyi münasibətilə Azərbaycan tərəfinə təbriklərini çatdırıb.

Elmar Məmmədyarov yüksək səviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransında Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər üzrə Dövlət naziri Ənvər Qarqaşın iştirakının önəmini qeyd edib.

Nazir Ənvər Qarqaşı ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirib və BƏƏ-dən Azərbaycana gələn turistlərin sayının ildən-ilə artmasını məmnunluqla vurğulayıb.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər.

Görüşün sonunda Ənvər Qarqaşı Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazıb.

Azvision.az


Teqlər: XİN   BƏƏ   Medal  





Xəbər lenti