Vergilər Nazirliyi və Əmlak Komitəsi ləğv edildi

  23 Oktyabr 2019    Oxunub : 27170
Vergilər Nazirliyi və Əmlak Komitəsi ləğv edildi
İqtisadiyyat Nazirliyinin funksiyaları və strukturu genişləndirilib.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Fərman imzalayıb.

Fərmanda deyilir ki, ölkənin davamlı inkişafının təmin edilməsi məqsədilə aparılan sosial-iqtisadi islahatlarının dərinləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması və ixrac potensialın artırılması vəzifələri müvafiq sahələrdə struktur dəyişikliklərinin sürətləndirilməsini və dövlət idarəetmə strukturunun təkmilləşdirilməsini zəruri edir.

Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilib. İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının və onların tabeliyində olan qurumların strukturu, işçilərinin say həddi, hüquqi vəziyyəti, vəzifə maaşları, əməyin ödənilməsi sistemi və xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri ilkin mərhələdə dəyişməz olaraq qalır.

Fərmanın icrası ilə bağlı Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.

İqtisadiyyat Nazirliyinin strukturu aşağıdakı kimi müəyyən edilib:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin aparatı (şöbələr və sektorlar).
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin regional bölmələri.
6. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları.

Azvision.az

Teqlər: İlham-Əliyev   Prezident   Fərman