Akif Əlizadənin istefa xəbəri təsdiqləndi

  Akif Əlizadənin istefa xəbəri təsdiqləndi
  23 Oktyabr 2019    Oxunub:5189
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə vəzifəsindən istefa verib.

Bu barədə Azvision.az -a açıqlamasında AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib. Onun sözlərinə görə, A.Əlizadə bundan sonra fəaliyyətini Geologiya İnstitutunda direktor kimi davam etdirəcək.
“Akif Əlizadə Azərbaycan elminə yarım əsrdən artıq xidmət etmiş görkəmli alimdir. O, ən müxtəlif vəzifələrdə Akademiyanın inkişafında özünəməxsus xidmətlər göstərib. Uzun illər Geologiya İnstitutunun direktoru, akademik katib, vitse-prezident vəzifələrində çalışaraq AMEA-nın inkişafına xidmət edib. Akademiyanın prezidenti işlədiyi dövrdə də ölkəmizin başçısı İlham Əliyevin rəhbərliyi altında AMEA-da islahatların keçirilməsi istiqamətində faydalı işlər aparıb. Onun Azərbaycan elminin qarşısında böyük xidmətləri olub”.

İ.Həbibbəyli qeyd edib ki, bütün bunlarla yanaşı, ölkəmizdə aparılan indiki kadr islahatları, Prezidentin çağırışları zamanın tələbidir.

“Akif müəllim 87 yaşındadır. Bundan sonra Geologiya İnstuitunun direktoru kimi fəaliyyətini davam etdirəcək, Azərbaycan elminə xidmət göstərməyə davam edəcək. Akademiyanın alimləri ölkə başçısının apardığı kadr islahatlarını, cəmiyyətdə gedən irimiqyaslı islahatları dəstəkləyirlər”.

Vitse-prezident AMEA prezidentliyinə namizədlərin hələ bəlli olmadığını qeyd edib. Onun sözlərinə görə, bu gün Akademiyaya yeni prezident seçiləcək.

Aytən Zəhra
Azvision.az


Teqlər: Akif-Əlizadə   AMEA  





Xəbər lenti