Xalq artistlərindən Əli Kərimliyə etiraz: “Xalqın adından niyə danışırsan?”
Azvision.az Xalq artistlərindən icazəsiz aksiya ilə bağlı münasibət öyrənib.
“Qarabağ müharibəsi zamanı qaçıb gizlənmişdilər”
Xalq artisti Şeyx Əbdül Mahmudov bildirib ki, özünü müxalifət adlandıran şəxslərin icazəsiz aksiyası biabrçılıqdır və açıq-aşkar dövlətçiliyə xəyanətdir.
“Biz qan tökmüşük, can qoymuşuq, müstəqillik əldə etmişik. Xalq ölüb, ya yiyəsi yoxdur? Onlar xalqın adından niyə danışırlar. Hərəsi bir dərədən gəlib, xalqın adı ilə danışır. Azərbaycan xalqının bir cəbhəsi var, o da Qarabağdadır. Niyə gedib cəbhədə oturmurlar, şəhərin mərkəzində qalırlar? Xaricdən nə sifariş gəlirsə edirlər. Bunlar xalqdan, dövlətdən nə istəyirlər? Sakit, normal yaşayırıq. Azərbaycan başqa ölkələrə terror hadisələrinə görə başsağlığı verir. Bunlar isə şəhərin mərkəzində qarışıqlıq yaradırlar, insanların sakitliyini pozurlar. Bu gün ölkəmizdə hər cür şərait var, yaxşı da yaşayırıq. Onlar xalqı, vətəni çətin durumda atıb qaçanlardır. İnsanın bir siması olar. Həmin insanlar Qarabağ müharibəsi zamanı qaçıb gizlənmişdilər. Bunlar nə tez yadlarından çıxıb. İndi guya xalq sevən çıxıblar. Bizə düşmən olan insanlardan 3-5 manat pul alıb, küçərələ düşürlər. Bizə aksiya lazım deyil”.
“Qanunsuz aksiyanı pisləyirəm, qətiyyən yolverilməzdir”
Xalq artisti Mübariz Tağıyev də bu cür aksiyaların əleyhinə olduğunu deyib: “İndiki vaxtda bu lazımdırmı? Dirçəliş vaxtında insanlar sakit və firavan yaşayır. Onlar asayişi pozmaqla nə demək istəyirlər? Bu xeyrə doğru yönəlməyib, şərə yönəlik addımdır. Dövlət əleyhinə, xalq əleyhinə olan istənilən aksiyanı pisləyirəm. Yaxşı olar ki, onlar düzgün yola qayıtsınlar”.
Aytən Zəhra
Azvision.az