“Xalq artisti deyilik ki, özümüzü “İnstagram”da reklam edək” - Deputat

   “Xalq artisti deyilik ki, özümüzü “İnstagram”da reklam edək” -    Deputat
  22 Oktyabr 2019    Oxunub:2401
“Bəzi deputatlar Milli Məclisin əleyhinə çıxış edirlər. Həmkarım Fazil Mustafa mətbuata açıqlamasında deyib ki, islahatlar Milli Məclisdən başlamalıdır. Səbəb kimi göstərir ki, sosial şəbəkədə fəaliyyət göstərməsinə Milli Məclis tərəfindən əngəlllər törədilir. Hansı deputatın sosial şəbəkədə olmasına qarşı çıxılıb? Jurnalistlərdən soruşuram, kimə hansı yazının dərc olunub-olunmaması ilə bağlı tapşırıq verilib? Kim hansı yazını istəyir, özü də yazır”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, kimlərsə özünə Milli Məclis hesabına xal qazanmaq istəyir: “Biz xaricdə oturub Milli Məclisə qarşı qarayaxma kampaniyası aparanlarla mübarizə aparaq, yoxsa öz daxilimizdəkilərə qarşı? Ona görə də hər bir kəs öz fikrində, rəyində oturduğu stola hörmət etməlidir. Xalq səlahiyyət verib ki, onun maraqlarını təmsil edəsən. Xalq artisti deyilik ki, “İnstagram”da və digər yerlərdə özümüzü reklam edək. Hərənin öz sahəsi üzrə işi var. Deputatın da işi seçicilərlə işləməkdir. Deputatın işi seçicilərin maraqlarını təbliğ etməkdir, özünün deyil. Hər bir kəs bu məsələyə ciddi yanaşmalıdır. Milli Məclisdə hamının marağı olmalıdır”.

YAP təmsilçisi çıxışında bir çox həmkarlarını tənqid edib: "Bəzi deputatlar deyir ki, tənqidlərə cavab vermirik, onların səviyyəsinə düşmək istəmirik. Təndiq və ya təhqir edənin səviyyəsinə düşmək istəmirsən, alimsənsə, alim səviyyəsində, yazıçısansa yazıçı səviyyəsində cavab ver. Biz demirik ki, gedin, söyün, etikadan kənar ölkəmizin milli maraqlarına zidd fikir söyləyin. Azərbaycanda internet və mətbuat azaddır, fikir və söz, sərbəst toplaşmaq azadlığı təmin olunub. Qanunun tələbləri çərçivəsində hamı bunu yerinə yetirə bilər. Heç kəs qanundan kənar addım ata bilməz".

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis   Deputat  





Xəbər lenti