“Xocalıda çəkilən fotoları paylaşıb, saxta məlumatlar yayırlar” - Türkiyə səfiri

  21 Oktyabr 2019    Oxunub : 1527
 “Xocalıda çəkilən fotoları paylaşıb, saxta məlumatlar yayırlar” - Türkiyə səfiri
Türkiyə terrorla mübarizədə heç bir ölkədən dəstək görmədi. Əksinə bəzilərinin terrorçulara dəstəyinin şahidi olduq.

Azvision.az xəbər verir ki, bunu Türkiyənin Bakıdakı səfiri Erkan Özoral jurnalistlərlə görüşündə deyib. Diplomat bildirib ki, Türkiyə terrordan ən çox əziyyət çəkən ölkələrdən biridir. Bu günə kimi 40 mindən çox Türkiyə vətəndaşı terrorun qurbanı olub.
"Türkiyə terrorla mübarizədə qərarlıdır. Biz Suriyada sülhün, təhlükəsizliyin bərqərar olmasını istəyirik. Suriyanın ərazi bütövlüyünü dəstələyirik. "Barış pınarı" əməliyyatı Suriyanın ərazi bütövlüyü və təhlükəsizliyinə hədəflənib".

Səfir vurğulaylb ki, sabah ABŞ-la Türkiyə arasında Suriyanın şimalındakı əməliyyatların dayandırılması və terrorçuların geri çəkilməsi üçün verilmiş 120 saatlıq müddət başa çatır: "İnanırıq ki, kimsənin burnu qanamadan bu razılaşma həyata keçiriləcək. Əks halda əməliyyat davam edəcək".

E.Özoral qeyd edib ki, "Barış pınarı" əməliyyatı ilə bağlı saxta məlumatlar yayılmaqdadır. Hətta Xocalı soyqırımı zamanı çəkilən fotoları paylaşaraq, bunu türk əsgərlərinin etməsinə dair saxta məlumatlar yayılıb.

"Yayılan yalanlardan biri də bu əməliyyatda kimyəvi silahdan istifadə ilə bağlıdır. Dünyada yasaqlanan heç bir şeyi Türkiyə ordusu istifadə etmir. Sabah Prezident Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Həmin görüşdə müzakirə edilən məsələlərdən biri də Suriya mövzusu olacaq".

Səfir Azərbaycan xalqına və hökumətinə "Barış pınarı" əməliyyatında Türkiyəyə verdiyi dəstəyə görə təşəkkür edib. Bildirib ki, Azərbaycan hər zaman Türkiyənin yanında olub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Türkiyə   Səfir