Minskdə Azərbaycanın sifarişi ilə elektrik qatarları yığılır

Minskdə Azərbaycanın sifarişi ilə elektrik qatarları yığılır
  18 Oktyabr 2019    Oxunub:4129
“Azərbaycan Dəmir Yolları” QSC-nin Belarusda səfərdə olan nümayəndə heyəti İsveçrənin "Stadler Rail Group" şirkətinin “Stadler Minsk” zavodunda olub.
QSC-nin Mətbuat katibliyindən Azvision.az -a verilən məlumata görə, qurumun sədri Cavid Qurbanov şirkətin rəsmi nümayəndəsi Sergey Karpoviçlə görüşüb. Sonra müəssisədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sifarişi ilə yığılan ikimərtəbəli elektrik qatarları və yataq tipli vaqonlara baxış olub. Layihə rəhbəri Martin Halmo qatarların texniki göstəriciləri və üstünlükləri barədə məlumat verib. Geniş və işıqlı salon, rahat oturacaqlar və müasir məlumatlandırma mərkəzi sistemi sərnişinlərin rahatlığını yüksək səviyyədə təmin edir. Giriş meydançalarının genişliyi sərnişinlərin vaqonlara giriş-çıxışını sürətləndirərək asanlaşdırır. Qatarlar Azərbaycanın iqlim şərtləri nəzərə alınaraq xüsusi işlənmiş kondisioner sistemi ilə təchiz edilib. Bütün sərnişin salonlarında “Wi-Fi” şəbəkəsinə giriş təmin olunub.

Səfər zamanı nümayəndə heyətinə "Stadler Minsk" şirkətinin istehsal gücü barədə də ətraflı məlumat çatdırılıb. Bildirilib ki, “Stadler” konserninin hissəsi kimi 2014-cü ildən istehsala başlayan zavod şəhərdaxili, şəhər və regionlararası qatarlar, metro qatarları və tramvaylar, digər zəruri texniki avadanlıqlar buraxır. Sənaye müəssisəsi MDB məkanında mövcud genişzolaqlı dəmir yolları üçün tərkib heyətlərinin istehsalı üzrə ixtisaslaşıb. Zavodun maksimal istehsal gücü ildə 150 alüminium vaqon və 100 polad seksiyalardır. 919 sərnişin tutumuna malik qatarların istismar sürəti saatda 160 kilometrdir.

"Stadler Minsk" zavodunda MDB dövlətlərinin, o cümlədən Belarus dəmir yolunun sifarişləri üzrə nəqliyyat texnikası istehsal olunur.

Azvision.az


Teqlər: Qatar   Minsk  





Xəbər lenti