XİN rəhbəri həmkarları ilə görüşüb

XİN rəhbəri həmkarları ilə görüşüb
  14 Oktyabr 2019    Oxunub:1592
Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Qazaxıstan xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşüb.
XİN-dən Azvision.az -a verilən məlumata görə, görüş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən 7-ci iclası çərçivəsində baş tutub. Nazirlər Azərbaycan və Qazaxıstan arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə fikir mübadiləsi aparıb, ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafını qeyd ediblər. Həmçinin ticarətin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd edilib. Görüşün yekununda Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Qazaxıstanın daxili işlər naziri Yerlan Turqumbayev “2 oktyabr 2009-cu il tarixində Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəliş haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol”u imzalayıblar.



Eyni zamanda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirlərinin Bakıda keçirilən 7-ci iclası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Syarto ilə görüşüb. Nazirlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyətindən məmnunluq ifadə edərək, iqtisadi və ticarət sahələrində əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini vurğulayıblar.

Macarıstanın Türk Şurasında müşahidəçi statusunun və bu yaxınlarda TDƏŞ-in Budapeştdə Nümayəndəliyinin açılmasının Macarıstanla türkdilli ölkələr arasında mövcud bağların daha da möhkəmləndirilməsinə xidmət edəcəyi qeyd olunub. Sonra Elmar Məmmədyarov Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların cari vəziyyəti ilə bağlı həmkarının suallarını cavablandırıb. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər, xüsusilə də Suriya münaqişəsi ətrafında fikir mübadiləsi aparıblar. Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası çərçivəsində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüş zamanı ölkələr arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.



Nazirlər strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın regional və qlobal sabitlik və təhlükəsizliyin təşviqi baxımından vacibliyini qeyd ediblər. Tərəflər hər iki ölkənin iştirakı ilə həyata keçirilən mühüm layihələr ətrafında fikir mübadiləsi apardılar. Azərbaycan və Türkiyənin təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələrinin Asiya və Avropa arasında rəqabətə davamlı daşımaları asanlaşdıracağını tərəflər xüsusilə qeyd ediblər.

Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı vəziyyət, habelə Yaxın Şərq bölgəsində cərəyan edən proseslər barəsində geniş müzakirələr aparılıb və hər iki ölkənin öz təhlükəsizliyinin təmin edilməsi üçün yeritdiyi siyasətin vacibliyi vurğulanıb. Görüşdə TDƏŞ və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: XİN  





Xəbər lenti