Morozov: “2014-cü il Azərbaycan Mədəniyyəti İli elan olunsun”

  11 Dekabr 2013    Oxunub : 548
Morozov: “2014-cü il Azərbaycan Mədəniyyəti İli elan olunsun”
Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov başda olmaqla Azərbaycan nümayəndə heyəti Ulyanovsk vilayətindədir.

Nümayəndə heyətinin üzvləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüblər. Onlar həmçinin 78 nömrəli orta məktəbdəki Azərbaycan Mədəniyyəti Muzeyində olublar.

Səfər çərçivəsində Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozovla görüş keçirilib. Tərəflər iqtisadi və mədəni əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Ulyanovsk vilayətinin qubernatoru 2014-cü ilin Azərbaycan Mədəniyyəti İli elan olunmasını təklif edib. S.Morozov deyib: “Xalqınızın nümayəndələri biznesi fəal inkişaf etdirir, öz övladlarına, dilə, mədəniyyətə qayğı ilə yanaşırlar. Biz gələn ili Azərbaycan Mədəniyyəti İli elan etmək istərdik”. O qeyd edib ki, Ulyanovskda millətlərarası problem yoxdur. Regionun başçısının fikrincə, iqtisadi sahədə Azərbaycan ilə Ulyanovsk vilayəti arasında əməkdaşlığın böyük perspektivləri var. S.Morozov deyib: “Biz belə hesab edirik ki, Ulyanovsk vilayəti Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərində nümunəvi ərazi olmalıdır”.

Sergey Morozov həmçinin Ulyanovskdakı Prezident körpüsünün açılışında Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin iştirak etdiklərinə görə körpünün yaxınlığında Dostluq stelasının ucaldılmasını təklif edib.

Qüdsi Osmanov Azərbaycan Mədəniyyəti İlinin keçirilməsi ideyasına görə qubernatora minnətdarlığını bildirib. O qeyd edib ki, Xalqlar Dostluğu parkı kimi layihələrin birlikdə həyata keçirilməsi xalqlarımız arasında münasibətlərin möhkəmlənməsinə xidmət edəcək.

Azərbaycanın nümayəndə heyəti həmçinin millətlərarası və miqrasiya siyasətinə dair bir sıra müşavirələrdə iştirak edib.

Tədbir çərçivəsində gələn ilin əvvəlində Ulyanovsk vilayəti rəhbərliyinin Azərbaycana cavab səfəri barədə razılıq əldə edilib.

Teqlər: