Dini liderlər Gövhərağa məscidi ilə bağlı bəyanat yaydılar

 Dini liderlər Gövhərağa məscidi ilə bağlı bəyanat yaydılar
  11 Oktyabr 2019    Oxunub:2932
İşğalçı Ermənistanın Azərbaycanın Şuşa şəhərindəki Gövhərağa məscidinə qarşı həyata keçirdiyi vandalizm siyasətini ört-basdır etmək cəhdi ilə bağlı Azərbaycandakı dini konfessiya rəhbərləri 2019-cu il oktyabrın 11-də birgə bəyanat qəbul ediblər.
Azvision.az bəyanatı təqdim edir.

"Bir Olan Yaradanımızın Adı ilə!

İşğalçı Ermənistan növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək, mənəvi müstəvidə, dini abidələrimizə qarşı beynəlxalq hüquq normaları – sivil dünyanın mənəvi irsin qorunması ilə bağlı qəbul etdiyi konvensiya və digər sənədlərin tələblərini kobud surətdə pozur. Azərbaycanın işğal olunmuş Şuşa şəhərinin Cümə məscidinə - 1883-cü ildə görkəmli Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabaği tərəfindən Qarabağ xanı İbrahim Xəlil xanın qızı Gövhərağanın şərəfinə ucaldılmış dini memarlıq abidəsinə qarşı Ermənistan tərəfindən məqsədyönlü terror həyata keçirilir.

İşğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus mədəni, tarixi və dini irsi məhv edən Ermənistan özlərinin dağıtdığı Şuşadakı Gövhərağa məscidinin “təmir-bərpa”sından sonra təxribat xarakterli “açılışına” hazırlaşır. Məscidin “təmir”dən sonra “açılış”ı ilə Ermənistan beynəlxalq ictimaiyyəti aldatmağa, özünü tarixi abidələrə “qayğı” ilə yanaşan bir ölkə imicində təqdim etməyə çalışır. Bu, işğalçı Ermənistanın və onun cinayətkar rejiminin işğal olunmuş ərazilərimizdə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin daha bir bariz nümunəsidir. Təəssüf doğuran və bizi narahat edən hal həm də ondan ibarətdir ki, yayılan məlumatlara görə, işğalçı rejim bu işləri qonşu, müsəlman ölkəsi olan İranın “Part Saman Jahan” şirkəti ilə birgə həyata keçirir.

Zəbt olunmuş Azərbaycan torpaqlarında məscidləri, qəbiristanlıqları, digər məbədləri davamlı şəkildə məhv edən təcavüzkar ermənilər indi saxta humanizm pərdəsi altında, bərpa adı ilə məscidin tarixi görkəmini dəyişdirərək, onun etnik mənsubiyyətini saxtalaşdırır, işğal olunmuş ərazilərdə azərbaycanlılara məxsus mədəni irsin silinməsi ilə məşğul olurlar. Məscidin “təmir-bərpa” işlərindən sonra saxta dəyişikliklərə məruz qalacağı, qədim Alban kilsələrində və digər məbədlərdə olduğu kimi, tarixi təhrif edən düzəlişlərlə təqdim olunacağı şübhəsizdir.

Biz - Azərbaycanda yaşayan dini konfessiyaların rəhbərləri Şuşadakı dini-mədəni abidəyə bu dırnaqarası qayğı kampaniyasını qətiyyətlə pisləyir, ermənilərin işğal altında saxladıqları ərazilərimizdə dini-mədəni abidələrimizə qarşı tarixin saxtalaşdırılması yolu ilə həyata keçirilən əməllərini beynəlxalq konvensiyalara meydan oxuyan yolverilməz qəsbkarlıq siyasəti kimi dəyərləndirir, buna heç bir bəraət olmadığını bəyan edirik. Bu təxribatı ilə erməni tərəfi, hər zamankı kimi, bu dəfə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar prosesindən yayındığını və dini liderlər formatında imzaladığımız birgə bəyanatların ruhuna zidd riyakar əməllərindən əl çəkmədiyini nümayiş etdirir.

Biz beynəlxalq ictimaiyyəti əzəli Azərbaycan torpağında tarixi-dini abidə olan Gövhərağa məscidinə və işğal altındakı bütün ərazilərimizdəki tarixi-dini abidələrə qarşı vandalizm aktlarına öz qətiyyətli münasibətini bildirməyə, “Silahlı münaqişə hallarında mədəni irsin mühafizəsinə dair” Haaqa Konvensiyasının (1954), UNESKO-nun Ümumdünya Mədəniyyət və Təbiət İrsinin Qorunmasına dair Konvensiyasının (1972), Arxeoloji İrsin Qorunmasına dair Avropa Konvensiyasının (1992) müddəalarına istinadən bu kimi halları kəskin qınamağa, bir daha təkrarlanmaması ilə bağlı ciddi addımlar atmağa çağırırıq.

Şeyxülislam Allahşükür Paşazadə,
Qafqaz Müsəlmanları İdarəsinin sədri

Aleksandr,
Bakı və Azərbaycan Arxiyepiskopu

Melih Yevdayev,
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri

Robert Mobili,
Azərbaycandakı Alban-udi Xristian İcmasının sədri
".

Azvision.az



Teqlər: Məscid  





Xəbər lenti