“Qobu Park-2” üçün ilk püşkatma keçirilib

“Qobu Park-2” üçün ilk püşkatma keçirilib
  10 Oktyabr 2019    Oxunub:2374
Bakının Qaradağ rayonunda salınan və oktyabın 8-də rəsmi açılışı olan “Qobu Park-2” yaşayış kompleksində məcburi köçkünlərin yerləşdirilməsinə başlanılır. Kompleksdəki tam təmirli mənzillərə paytaxtın müxtəlif ərazilərində qəzalı vəziyyətdə olan binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcəkdir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, bu məqsədlə oktyabrın 10-da Azərbaycan Tibb Universitetinin 4 saylı yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkünlər arasında püşkatma keçirilib. Püşkatmada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Nəsimi Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin nümayəndələri, KİV təmsilçiləri, ictimai fəallar iştirak ediblər.

Tədbirdə məcburi köçkünlərin mənzil-məişət probleminin həlli istiqamətində dövlətimizin gördüyü işlərdən bəhs edilib. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə həssaslıqla yanaşır.

Bu il aprelin 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Nəsimi rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasında məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə tanış olub və müraciətlərini dinləyib. Birinci vitse-prezidentin yataqxanaya gəlişinin buradakı məcburi köçkünlərin yaşayış probleminin həll olunması məqsədi daşıdığını bildirib və onlara çox qısa bir zamanda normal ev şəraiti ilə təmin olunacaqlarını deyib.

Məcburi köçkün ailələri növbə ilə püşk çəkərək, “Qobu Park-2” yaşayış kompleksində hansı binada və neçənci mənzildə yaşayacaqlarını müəyyənləşdiriblər.

Püşkatma mərasimində iştirak edən məcburi köçkünlər bundan sonra hər cür şəraiti olan, yeni və rahat mənzillərdə yaşayacaqları üçün çox böyük sevinc hissi keçirdiklərini qeyd ediblər. Onlar məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Təməli ötən ilin sentyabrında qoyulan “Qobu Park-2” yaşayış kompleksində, ümumilikdə, 10 mərtəbəli 13 bina ilə yanaşı, məktəb, uşaq bağçası, poliklinika, gimnastika, güləş və trenajor zalları, şahmat mərkəzi, market, iaşə obyektləri yaradılıb. Ərazidə, eyni zamanda, istirahət parkı, uşaq əyləncə meydançası, eləcə də, 3 idman meydançası inşa olunub. Bir sözlə, burada sakinlərin sosial məsələlərinin həlli üçün hərtərəfli infrastruktur qurulub.

Kompleksin ərazisində inşa olunan məktəb binası 780 şagird yerlikdir. Bütün zəruri avadanlıqla təchiz edilən binada şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hərtərəfli şərait yaradılıb. 220 yerlik uşaq bağçası da lazımi inventarla təchiz olunub. Burada balacaların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün bütün imkanlar var. Sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK olan kompleksdə tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Buradakı mənzillərdən 120 ədədi - 1 otaqlı, 472 ədədi - 2 otaqlı, 528 ədədi 3 otaqlı və 180 ədədi 4 otaqlıdır.

Azvision.az


Teqlər: Qaçqın   Ev  





Xəbər lenti