Dövlət Komitəsi evdə tapılmayan vətəndaşları axtarır

 Dövlət Komitəsi evdə tapılmayan vətəndaşları axtarır
  10 Oktyabr 2019    Oxunub:3141
Dünya təcrübəsində rast gəlindiyi kimi, ölkəmizdə də bir sıra hallarda siyahıyaalmanı bilavasitə həyata keçirən sayıcıların vətəndaşların ünvanlarına getməsinə baxmayaraq, ev təsərrüfatının başçısı və ya üzvləri ilə görüşə bilməyiblər.
Bunu Azvision.az -a açıqlamasında Dövlət Statistika Komitəsinin mətbuat katibi Elməddin Quliyev deyib. O bildirib ki, belə olan halda siyahıyaalmanın aparılması qaydalarına uyğun olaraq, əvvəlcədən müəyyənləşdirildiyi kimi, sayıcılar tərəfindən həmin şəxslər üçün “Evdə çətin tapılan şəxslərə məktub” adlı sənəd tərtib edilir və həmin şəxslərin yaşadığı ünvan üzrə giriş qapısına bərkidilir.

“Həmin məktubda ünvanda sorğunun keçirilməsi üçün münasib vaxtın təyin edilməsi və sayıcı ilə əlaqə saxlanılıb, bu barədə məlumat verilməsi xahiş edilir. Bundan başqa, bəzi hallarda vətəndaşlar tərəfindən sayıcıya öz vəzifəsini icra etmək üçün lazımi şərait yaradılmır, evdə olmalarına baxmayaraq, qapı açılmır. Belə hallarda sayıcı tərəfindən həmin vətəndaşlara təkrar müraciət olunur”.

E.Quliyev vurğulayıb ki, məlumatların keyfiyyətini təmin etmək üçün siyahiyaalınmadan sonrakı dövrdə, yəni 11-15 oktyabr tarixlərində təlimatçı-nəzarətçi və sayıcılar tərəfindən nəzarət gəzintiləri həyata keçiriləcək, seçmə qaydada sayıcının işinin keyfiyyətinin yoxlanılması ilə yanaşı, evdə tapılmayan şəxslərin ünvanlarına baş çəkiləcək.

Qeyd edək ki, ölkədə əhalinin növbəti siyahıyaalınması 1-10 oktyabr tarixlərində keçirilir.

Aytən Zəhra
Azvision.az



Teqlər:





Xəbər lenti