“Şərq tərəfdaşlığının gələcəyi” Bakıda müzakirə olunacaq

“Şərq tərəfdaşlığının gələcəyi” Bakıda müzakirə olunacaq
  09 Oktyabr 2019    Oxunub:1877
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birlikdə Bakıda “Şərq tərəfdaşlığının gələcəyi” mövzusunda strukturlu məsləhətləşmələr təşkil edəcək.
Aİ-nin nümayəndəliyindən Azvision.az-a verilən məlumata görə, oktyabrın 11-də baş tutacaq məsləhətləşmələrdə Avropa İttifaqını Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə baş direktorluğunun bölmə rəhbəri Vasilis Maraqosun rəhbərliyi ilə Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidmətinin birgə nümayəndə heyəti təmsil edəcək.

Azərbaycan tərəfindən isə dövlət rəsmiləri, parlament üzvləri, Azərbaycan Milli Elmlər Akademiyasının, ali təhsil müəssisələrinin, düşüncə mərkəzlərinin, vətəndaş cəmiyyətinin nümayəndələri, gənc fəallar və KİV nümayəndələri müzakirələrə qatılacaq.

Bu məsləhətləşmələr cari ilin may ayında Brüsseldə Şərq Tərəfdaşlığının yaradılmasının 10 illiyinə həsr olunmuş Yüksək Səviyyəli konfransda start verilən, Aİ-nin üzv dövlətləri və tərəfdaş ölkələrdən olan geniş spektrli maraqlı tərəflərlə aparılan qeyri-rəsmi fikir mübadilələrinin tərkib hissəsidir. Bu, geniş ictimai müzakirə əsas maraqlı tərəflərinin öz fikirlərini səsləndirməsi və Şərq Tərəfdaşlığının gələcəyinin formalaşdırılmasına töhfə verməsi üçün imkan yaradacaqdır.

Qeyd edək ki, Şərq Tərəfdaşlığı proqramı Aİ, onun üzv dövlətləri və tərəfdaş ölkələr arasında əlaqələri gücləndirmək üçün 2009-cu ilin may ayında yaradılıb. Şərq Tərəfdaşlığı siyasi birliyin möhkəmləndirilməsi və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi üçün çərçivə yaradıb, həm tərəfdaş ölkələr, həm də Aİ-nin üzv dövlətlərinin vətəndaşları üçün geniş spektrli faydalı islahatların aparılmasına imkan verən strukturlu əməkdaşlıq mexanizmi təmin edib. “20 Nəticə” gündəliyinin və Assosiasiya Gündəliklərinin/Tərəfdaşlıq Prioritetlərinin icrası prioritet olaraq qalır.

P.Sultanova
Azvision.az



Teqlər:  





Xəbər lenti