Azərbaycanda regionun ən böyük DATA mərkəzi yaradılacaq

  09 Oktyabr 2019    Oxunub : 1982
Azərbaycanda regionun ən böyük DATA mərkəzi yaradılacaq
“Azərbaycanda İnternet Mübadilə Mərkəzinin yaradılması ilə Bakı şəhəri dünyanın internet xəritəsinə əlavə olunacaq”.
Azvision.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən “3-cü Rəqəmsal Ticarət Forumu: İpək yolunun rəqəmsallaşdırılması” mövzusunda tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “AzerTelecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Fuad Allahverdiyev bildirib.

Hazırda proqramın birinci mərhələsinin hazırlandığını deyən F.Allahverdiyev qeyd edib ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə dəmir yollarının qorunan zolağı boyunca yeni fiberoptik kabellərin çəkilişi davam edir. Həmçinin Transxəzər layihəsi daxilində Azərbaycan və Asiya üzərində Xəzər dənizindən keçən fiberoptik kabellərin çəkilməsi nəzərdə tutulur.

"Hazırda layihənin icrasına başlanıb. Transxəzər layihəsi iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə Azərbaycan Xəzər dənizi üzərindən Qazaxıstan istiqamətində, ikinci mərhələdə isə Azərbaycandan Xəzər dənizi üzərindən Türkmənistana fiberoptik kabelin çəkilməsi həyata keçiriləcək. Layihənin ikinci mərhələsində Azərbaycanın regionda ən nəhəng DATA mərkəzinin inşa olunması nəzərdə tutulur. Bu DATA mərkəzi gələcəkdə internet kontent istehsalçılarının yerləşdirilməsi üçün nəzərdə tutulan məlumat mərkəzi olacaq”.

Aytən Zəhra
Azvision.az

Teqlər: DATAmərkəz