Ramil Usubov yeni səfiri qəbul edib

Ramil Usubov yeni səfiri qəbul edib
  10 Dekabr 2013    Oxunub:1229
Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov Almaniya Federativ Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempeli qəbul edib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qonağı salamlayan nazir bu münasibətlə onu təbrik edib, ölkəmizdəki diplomatik fəaliyyətində ona uğurlar arzulayıb.

Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın həm ikitərəfli formatda, həm də Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsində həyata keçirildiyini səfirin nəzərinə çatdıran nazir beş il əvvəl - 2008-ci ilin noyabrında 7-ci Berlin Təhlükəsizlik Konfransında iştirak etdiyini, səfər zamanı ikitərəfli əlaqələrin səmərəliyinin artırılması məqsədilə «Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi və Almaniya Federativ Respublikasının Daxili İşlər Nazirliyi arasında Birgə Niyyət Bəyanatı»nın imzalandığını məmnunluqla xatırladıb, birgə işbirliyinin daha da inkişaf etdirilməsində rəhbərlik etdiyi qurumun maraqlı olduğunu bildirib.

Beynəlxalq qurumların xətti ilə şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması yönümündə keçirilən layihələrdə, seminar-treninqlərdə Almaniyadan olan ekspertlərin də yaxından iştirak etdikləri, buna misal olaraq "Kütləvi iğtişaşların qarşısının alınmasında polisin fəaliyyətinə dair" təlim-seminarların təşkil olunduğu nəzərə çatdırılıb. Qeyd olunub ki, qabaqcıl təcrübənin daha səmərəli tətbiqi məqsədilə əməkdaşlarımız Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların xətti ilə keçirilən müxtəlif forum və müşavirələrdə yaxından iştirak edirlər.

Sonra səfirə DİN-in əsas funksiyaları və vəzifələri, eləcə də kriminogen durum barədə ətraflı məlumat verilib. Daxili işlər naziri cinayətkarlıqla mübarizədə qazanılmış uğurlardan danışıb, sabitliyin, əmin-amanlığın nümunəvi təmininin ölkə vətəndaşları ilə bərabər, əcnəbilərin də təhlükəsizlik şəraitdə yaşayıb işləmələrinə, ölkəmizin iqtisadiyyatına külli miqdarda xarici kapital qoyulmasına əlverişli şərait yaratdığını vurğulanıb.

Avropa standartlarına uyğunlaşdırılmış qanunvericiliyin, qabaqcıl təcrübənin öyrənilməsinin və tətbiqinin əməkdaşların xidməti fəaliyyətinə müsbət təsir göstərdiyini xatırladan R.Usubov insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə daxil olan müraciətlərə DİN rəhbərliyinin xüsusi diqqət yetirdiyini, məhz belə həssas yanaşma və operativ münasibətin nəticəsi olaraq, vətəndaş hüquqlarını pozan əməkdaşlar barədə ən sərt tədbirlərin görüldüyünü qeyd edib.

R. Usubov bildirib ki, müasir standartlara uyğun şəraitin yaradılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması məqsədilə indiyədək respublikanın əksər ərazi polis orqanlarında yeni müvəqqəti saxlama yerləri inşa olunub, digərlərində isə əsaslı təmir işləri aparılıb. Son üç il ərzində ATƏT, Beynəlxalq Qızıl Xaç Komitəsi, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi, Ombudsman Aparatı, digər dövlət və ictimai qurumlar tərəfindən müvəqqəti saxlama yerlərində 1181 monitorinq keçirilib. Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində dayandığı qeyd olunub.

Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıq edən xanım Haydrun Tempel görüşün Beynəlxalq İnsan Hüquqları gününə təsadüf etdiyini xatırladaraq, istənilən ölkə üçün daxili sabitliyin, təhlükəsizliyin təmin olunmasının əsas vəzifələrdən biri olduğunu, bu istiqamətdə Azərbaycanın daxili işlər orqanlarının böyük işlər gördüyünü diqqətə çatdırmış, müasir dövrdə insan hüquqlarına və qanunların aliliyinə riayət edilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti