Bakı dairəvi dəmir yolunda görülən işlər açıqlandı

  Bakı dairəvi dəmir yolunda görülən işlər açıqlandı
  08 Oktyabr 2019    Oxunub:3704
2018-ci ili mart ayında Prezident İlham Əliyevin “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” imzaladığı sərəncama əsasən, Bakı dairəvi dəmir yolunun təşkili istiqamətində işlər davam etdirilir. Proses mərhələli şəkildə həyata keçirilir.
"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyi şöbəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, 14 stansiya və dayanacaqda (7 stansiya, 7 dayanacaq) sərnişinlərin düşüb-minməsi üçün hündür platformalar inşa edilib:

"Platformaların üzərində turniket, onların binaları, sərnişinlərin gözləməsi üçün üstübağlı oturacaqlar inşa edilib. Yenidənqurma işləri Nərimanov, Keşlə, Koroğlu, Goradil, Fatmayi, Saray dayanacaqları; Bakı-sərnişin, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı və Sumqayıt stansiyalarında aparılır".

Məlumatda qeyd edilib ki, bəzi stansiya və dayanacaqlarda işlər tam icra olunub.

"Bir çox dayanacaqlarda tamamlama işləri görülür. Bu yolun əsaslı təmiri başa çatandan sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin nəqliyyat problemi qismən aradan qaldırılacaq. Həmin ərazilərdə yaşayanlar elektrik qatarlarının xidmətindən yararlanaraq, mənzil başına rahat və təhlükəsiz çatacaqlar. İşlərin tam yekunlaşması ilə bağlı məlumat veriləcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: Dəmiryol   QSC  





Xəbər lenti