Bakı-Moskva münasibətləri yeni müstəvidə - "Valday"dan çıxan nəticələr

Bakı-Moskva münasibətləri yeni müstəvidə -  "Valday"dan çıxan nəticələr
  08 Oktyabr 2019    Oxunub:3296
"Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olması Prezident İlham Əliyevə "Valday"da öz mövqeyini, sözünü deməyə imkan və şərait yaratdı"

Bunu Azvision.az -a politoloq Fikrət Sadıqov Rusiya-Azərbaycan münasibətlərinin hazırkı durumunu şərh edərkən deyib.
Politoloq bildirib ki, bu məsələdə dövlət başçılarının şəxsi münasibətləri mühüm əhəmiyyətə malikdir:

"Azərbaycan Prezidenti İlham Əliyev "Valday" tribunasından Ermənistana və baş nazir Nikol Paşinyana mövqeyimizi eşitdirdi. Eyni zamanda, orada bir sıra dövlət və hökumət başçıları, ekspertlər, siyasətşünaslar, diplomatlar əyləşmişdi. Onlar da Azərbaycanın mövqeyini bir daha eşitdilər. Bütün bunlar iki dövlət arasında münasibətlərin müsbət nəticəsidir. Nəzərə alsaq ki, Rusiya Ermənistanın müttəfiqidir. Dövlət başçımız Rusiyaya gedir və Ermənistanın ünvanına lazımı olanı deyir və Rusiya buna imkan yaradırsa, belə nəticə çıxarmaq olar kİ, münasibətlərimiz strateji partnyorluq müstəvisindədir. Buna imkan yaradan dövlət başçılarının şəxsi münasibətləridir. Hesab edirəm ki, bu əlaqələrdən Azərbaycan bütün imkanları ilə istifadə edəcək".



F.Sadıqov xatırladıb ki, hazırda Rusiya-Ermənistan münasibətləri olduqca soyuqdur: "Rusiya prezidenti Vladimir Putin açıq şəkildə Paşinyanın hərəkətlərindən narazıdır. Azərbaycan bundan səmərəli şəkildə istifadə edir. Diplomatik sahədə öz addımlarını atır, mövqeyini bildirir. Bu istiqamətdə səylərimizi daha da gücləndiririk. Bunun nəticəsidir ki, Azərbaycana, onun mövqeyinə münasibət müsbət formada dəyişilir. Bir daha vurğulayım ki, dövlət başçıları arasındakı səmimi dostluq münasibətləri ölkələr arasındakı təmaslara yaxşı şərait yaradır".

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Ayaz Rzayev Azvision.az -a bildirib ki, Azərbaycan Prezidentinin "Valday" forumundakı çıxışı qlobal və regional geosiyasi reallığın sürətlə dəyişməsi fonunda Azərbaycan hökumətinin Rusiya ilə münasibətlərin möhkəmlənməsinə nə dərəcədə önəm verməsini göstərir:



"Həm Rusiya, həm də Azərbaycan hökuməti münasibətlərin hazırkı səviyyəsini strateji tərəfdaşlıq kimi qiymətləndirir. Azərbaycan bu münasibətləri xoşniyyətlilik və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında dərinləşdirməyin tərəfdarıdır. Rusiya və Azərbaycan əlaqələrində vacib məqam, əlbəttə ki, iqtisadi münasibətlərdir. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 20% artıb. 2019-cu ildə isə Azərbaycanın Rusiyaya ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11% çox olub. Rusiya ilə iqtisadi münasibətlər iqtisadiyyatın şaxələndirilməsi məsələsində də önəmli faktordur.

Məsələn, bu ilin ilk 8 ayında Azərbaycandan Rusiyaya qeyri-neft məhsullarının ixracında ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% artım müşahidə olunub. Eyni zamanda, Azərbaycan rəsmilərinin də qeyd etdiyi kimi Rusiya ilə ikitərəfli münasibətlər üçüncü tərəflərlə əlaqələrdən asılı olmayaraq inkişaf edir və bu məsələdə hər iki ölkənin prezidentləri arasındakı şəxsi münasibətlər prinsipial rol oynayır".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Rusiya   Azərbaycan   Eksper   Politoloq  





Xəbər lenti