Bu küçələrdə hərəkət qismən məhdudlaşdırılacaq
Təmir işləri ilə əlaqədar olaraq, Süleyman Əhmədov və Oqtay Vəliyev küçələri boyu avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılır. Bu üzdən sürücülərdən sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. Ərazidə tıxac yaranmasın deyə onlardan öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Qeyd edək ki, küçələr boyu təmiri yekunlaşmış hissələrdə yolcizgi və yolgöstərici xətlər çəkilməklə hərəkət bərpa olunur. Təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.
İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Xətai rayonu üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, yaxın müddət ərzində 12 km-ə yaxın uzunluğa malik daha 11 küçədə təmir-tikinti işlərinə start verilməsi nəzərdə tutulur.
Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və yüksək keyfiyyətlə aparılan işlərin tərtib olunmuş qrafikə uyğun yaxın müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Azvision.az