İmişli və Qazax gənclər hərbi xidmətə yola salınıb
Tədbirdə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev çağırışçıları hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib. Bildirib ki, döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. SHXÇDX-nin İmişli rayon şöbəsinin rəisi, polkovnik-leytenant Qulu Əsədov çıxışında Azərbaycan gənclərinin vətənpərvərliyindən, müddətli həqiqi hərbi xidmətə böyük həvəslə yola düşmələrindən danışıb.
Valideynlər adından Əbülfət Zeynallı övladının hərbi xidmətə yola düşməsindən qürur duyduğunu bildirib, çağırışçılara hərbi xidməti qalib əsgər kimi başa vurmağı arzulayıb. Çağırışçılar adından çıxış edən Elvin Mamedov qüdrətli Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət edəcəkləri ilə fəxr etdiklərini deyib. Vətənə xidmət etmək kimi müqəddəs vəzifəni layiqincə yerinə yetirəcəklərinə söz verib.
Qazax rayonunda keçirilən tədbirdə çıxış edən icra hakimiyyətinin başçısı Rəcəb Babaşov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən ölkəmizin başqa sahələrdə olduğu kimi hərbi sahədə də gücləndiyini diqqətə çatdırıb.
SHXÇDX-nin Qazax rayon şöbəsinin rəisi, mayor Mehman Rəhimov düşmənlə üz-üzə yerləşən rayonun gənclərinin hərbi xidmətə böyük həvəslə yola düşdüklərini qeyd edib. Çağırışçılara mətin, mübariz olmağı, hərbi sahədə nəzəri və praktiki biliklərə dərindən yiyələnməyi tövsiyə edib.
Tədbirdə çıxış edən veteranlar, valideynlər, ziyalılar və çağırışçılar hərbi xidmət keçməyin gənclərin vətəndaş kimi formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini, şərəfli Azərbaycan əsgəri adını daşımağın hər bir gənc üçün qürur mənbəyi olduğunu vurğulayıblar. Konsert proqramı ilə davam edən tədbirlərin sonunda çağırışçı gənclər üçrəngli bayrağımıza ehtiramlarını ifadə edərək ordu sıralarına yola düşüblər.
Azvision.az
Teqlər: SHXÇDX