Türkmənistan Azərbaycanın gömrük sahəsindəki təcrübəsini öyrənir

Türkmənistan Azərbaycanın gömrük sahəsindəki təcrübəsini öyrənir
  04 Oktyabr 2019    Oxunub:1765
Oktyabrın 3-də Dövlət Gömrük Komitəsində (DGK) Türkmənistanın müxtəlif dövlət qurumlarının nümayəndələri ilə “Ticarətin asanlaşdırılması, gömrüyün rəqəmsallaşdırılması və tranzit prosedurları sahələrində ən yaxşı təcrübənin mübadiləsi” mövzusunda görüş keçirilib.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən məlumata görə, Türkmənistanın nümayəndə heyətinin ölkəmizə səfərinin məqsədi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Aşqabaddakı Mərkəzinin təşəbbüsü ilə ticarətin asanlaşdırılması, gömrük prosedurlarının elektronlaşdırılması və tranzit əməliyyatları sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsidir.

DGK-nın Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov gömrük orqanlarının fəaliyyəti, ölkəmizdə gömrük işinin təşkili, ticarətin asanlaşdırılması və gömrük prosedurlarının sadələşdirilməsi, gömrük xidmətlərinin elektronlaşdırılması, gömrük tranzitinin inkişafı sahəsində həyata keçirilən islahatlar, mövcud qanunvericilik barədə danışıb. O, Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin funksiyaları, malların və nəqliyyat vasitələrinin, eləcə də fiziki şəxslərin sərhəd keçidinə dair statistikası, sərhədlərdə ləngimələrin aradan qaldırılması, sürətli sərhəd keçidinin təmin olunması, daşımaların sürətləndirilməsi məqsədilə görülən işlərlə bağlı məlumat verib.

Görüş zamanı Türkmənistanın nümayəndə heyəti Azərbaycanla bütün sahələrdə, xüsusilə də gömrük orqanları ilə əməkdaşlığa xüsusi önəm verdiklərini qeyd edərək ticarətin asanlaşdırılması, gömrük prosedurlarının elektronlaşdırılması və tranzit əməliyyatları sahəsində mövcud təcrübənin öyrənilməsində maraqlı olduqlarını ifadə ediblər.

Daha sonra DGK-nın Ticarətin Asanlaşdırılması İdarəsinin rəisi Ceyhun Nəcəfli “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi”, Gömrük Əməliyyatlarının Tənzimlənməsi İdarəsinin rəisi Anar Məmmədov “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi zamanı malların rəsmiləşdirməsi”, Tranzit əməliyyatları şöbəsinin rəisi Fərid Vəliyev “Gömrük orqanlarında tranzit sisteminin təkmilləşdirilməsi üzrə görülən işlər” mövzusunda təqdimatlarla çıxış ediblər. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında da müzakirələr aparılıb.

Azvision.az


Teqlər: DGK   Gömrük  





Xəbər lenti