Köçkün icmasının üzvlərilə görüş olub

Köçkün icmasının üzvlərilə görüş olub
  30 Sentyabr 2019    Oxunub:1810
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Sumqayıt şəhərinin 12-ci mikrorayonunda, məcburi köçkünlərin yeni yaşayış məhəlləsində olub, burada fəaliyyət göstərən icmanın üzvləri ilə görüşüb.
Komitədən Azvision.az -a bildiriblər ki, Dövlət Komitəsinin sədri görüş iştirakçılarına qaçqınlarla və məcburi köçkünlərlə iş sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin məqsəd və prinsipləri, prioritetləri barədə məlumat verib. Qeyd edilib ki, xalqın sosial rifahının yüksəldilməsinə yönəldilmiş sosial-iqtisadi islahatlar çərçivəsində məcburi köçkünlərin də yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər görülür. Onlara dövlət büdcəsindən verilən vahid aylıq müavinətin, yeni salınan qəsəbələrin sayı ilbəil artır, hər il əvvəlkindən daha çox sayda məcburi köçkün ailəsi tam təmirli rahat mənzillərə köçürülür.

Birinci vitse-prezident xanım Mehriban Əliyeva əhalinin bu həssas kateqoriyasına aid olan vətəndaşların problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərir. Müvəqqəti sığınacaqlarda hələ də ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlər yeni mənzillərə birinci növbədə köçürülürlər.

İcma şurasının sədri, Laçın rayonundan olan məcburi köçkün Qəzənfər Hüseynov görüşdə çıxış edərək müharibədən əziyyət çəkən, doğma yurdundan didərgin düşən insanlara göstərilən hərtərəfli qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirib. O, icmanın məqsədlərindən danışarkən qeyd edib ki, məcburi köçkünlər arasında hüquqi maarifləndirmə işinin aparılması, onların məşğulluğunun artırılmasına ictimai dəstəyin təmin olunması, gənclər arasında vətənpərvərliyin, müstəqil dövlətçilik ideyalarının və sağlam həyat tərzinin təbliği qarşıya mühüm vəzifə kimi qoyulub. Bundan başqa, məcburi köçkünlərin sosial-məişət probleminin həllinə yardım göstərilməsi, qəsəbədə birgəyaşayış qaydalarına əməl edilməsinə ictimai nəzarətin təşkili də icmanın fəaliyyətində mühüm istiqamətlərdir. Ən başlıcası, icma məcburi köçkünlərin işğaldan azad ediləcək doğma yurda qayıdışına hazırlıq məsələsini hər an gündəlikdə saxlayacaq.

Dövlət Komitəsinin sədri qarşıya qoyulan xeyirxah və vacib vəzifələrin yerinə yetirilməsində icma üzvlərinə uğurlar arzulayıb, onların fəaliyyətinə lazımi dəstək veriləcəyini bildirib.

Görüşdə məcburi köçkünlərin müraciətləri dinlənilib və qeydə alınıb, onların qaldırdıqları məsələlərin həlli üçün müvafiq tədbirlər müəyyənləşdirilib.

Azvision.az



Teqlər: Köçküm   Görüş  





Xəbər lenti