Otellərə ulduzların verilməsi ilə bağlı yeni qaydalar hazırlanır

 Otellərə ulduzların verilməsi ilə bağlı yeni qaydalar hazırlanır
  28 Sentyabr 2019    Oxunub:3897
"Hazırda otellərin üzərində olan ulduzlar onların özünü qiymətləndirməsi və ya əvvəlki təcrübələr əsasında qoyulub"

Bunu Azvision.az -a açıqlamasında Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiya şöbəsinin müdiri Məhəmməd Muradov deyib. Onun sözlərinə görə, otellərə ulduzların verilməsi ilə bağlı yeni qaydalar hazırlanır.
"Ola bilsin, hansısa oteldə ulduz keyfiyyətə görə reallığı əks etdirir, hansındasa yox. Amma otellərə ulduzların verilməsi ilə bağlı qaydalar hazırlanır. Qaydalar Nazirlər Kabinetinə təqdim olunacaq. Təsdiq olunduqdan sonra işlərə başlanılacaq. Ulduzu verən qurumun ekspertizası olacaq, çünki hər adam otelin keyfiyyət qiymətləndirməsini apara bilməz. Bu qurum Hotellər Assosasiyasıdır. Onların rəyi əsas götürülərək otellərə ulduz veriləcək"



M.Muradov qeyd edib ki, regionlarda ən rentabelli otellər 30-40 otaqlı otellər hesab olunur: "Otaqların sayı çoxaldıqca onların rentabelliyi azalır. Qanunvericiliyə ediləcək təkliflərə əsasən, daha çox təşviq siyasətimiz aşağı büdəcli otellərin regionlarda tikintisi iıə bağlı olacaq. Bu istiqamətdə vergi qanunvericiliyi və digər qanunvericilik çərçivəsində işlər görürük. Lakin heç də o demək deyil ki, 4-5 ulduzlu otellər regionlarda tikilməməlidir. Belə otellərin tikilməsi regionlarda çox sayda iş yerlərinin yaradılması deməkdir. Fikrimcə, dövlət müəyyən seqmenti dəstəkləməlidir. Amma digər seqmentin bazardan çıxmasına da şərait yaradılmamalıdır. Çünki investorun qərarıdır ki, o, 3 və ya 5 ulduzlu otel tiksin".

Aytən Zəhra
Azvision.az


Teqlər: Turizm   Agentlik   Otel  





Xəbər lenti