“Heydər Əliyev vəzifədə qalsaydı müharibə olmayacaqdı”

“Heydər Əliyev vəzifədə qalsaydı müharibə olmayacaqdı”
  09 Dekabr 2013    Oxunub:1881
“Baş nazir Heydər Əliyevi gördüyü işlərə görə qısqanırdı”

Azərbaycan mərhum prezidenti Heydər Əliyevin keçmiş məsləhətçisi Camal Camalov SSRİ və Qarabağ müharibəsi ilə bağlı maraqlı faktlar açıqlayıb.

“Cihan” agentliyinin əməkdaşı ilə söhbətində C.Camalov Heydər Əliyevlə ilk tanışlığının Brejnevin dəfn mərasiminə təsadüf etdiyini deyib.

“Heydər Əliyevlə ilk dəfə 1982-ci ildə SSRİ lideri Leonid Brejnevin dəfn mərasimində rastlaşdıq. Hakimiyyətə gələn Yuri Andropov noyabrın sonlarında Heydər Əliyevi Moskvaya yeni vəzifəyə göndərdi. Dekabrın 7-də Heydər Əliyev Kremlin sarayında SSRİ baş nazirinin birinci müavini kimi işə başladı. Dekabrın 22-də məni onla görüşə çağırdılar”.

Bəzən şənbə və bazar günləri də gecəyə kimi işləyirdi

Camalovun sözlərinə görə, bu görüşdən sonra o, Heydər Əliyevin dəstəyi ilə Kremldə yeni işə başlayıb.

“Səhəri gün Heydər Əliyevin Kremldəki qəbul otağında məsləhətçi kimi işə başladım. Səhər 08:30-da otağını açır, özü isə 08:00-da işə gəlirdi və gecə 01:00-02:00-a qədər işləyirdi. Hətta bəzən şənbə və bazar günləri də işləyirdi. O, 63 nazirlik və quruma görə məsuliyyət daşıyırdı. Buna baxmayaraq, həmişə ürəyi Azərbaycanda idi. Moskvaya gələn bütün azərbaycanlı bürokrat, şair, yazıçı və başqa ictimai xadimlər mütləq Əliyevin kremldəki otağına baş çəkir və görüşür, gecə saatlarına qədər söhbət edirdilər”.

Andropov Heydər Əliyevi baş nazir təyin etmək istəyirdi

Keçmiş köməkçi onu da qeyd edib ki, SSRİ lideri Andropov Heydər Əliyevə çox dəyər verirdi:

“Andropov başa düşürdü ki, SSRİ-nin varlığını davam etdirməyi üçün güclü, nüfuzlu adam lazımdır. Həmin vaxt Heydər Əliyev Siyasi büroda ən güclü adamlardan biri idi. Heydər Əliyevin vaxtında SSRİ-nin baş naziri Nikolay Tixonovun 80 yaşı var idi. Tixonov Əliyevi gördüyü işlərə görə qısqanırdı. Siyasi Büro üzvlərinin çoxu yaşlı idi. Əliyev isə ən gənc, çalışqan bürokrat idi. Andropov istəyirdi ki, Əliyevi baş nazir təyin etsin. Amma onun qəfil ölümü hər şeyi məhv etdi”.

Andropovdan sonra hakimiyyətə gələn Qorboçovun dövründə baş verənləri C.Camalov belə nəql edib.

“Qorboçov təcrübəsinə görə, Əliyevdən fərqlənirdi. O, özündən ağıllı, təcrübəli biri ilə işləmək istəmirdi. Nikolay Rıjkovu baş nazir təyin etdilər. Rıjkov da Əliyevdən zəif siyasətçi idi. Əgər Əliyev baş nazir təyin edilsəydi hadisələr fərqli inkişaf edəcəkdi.

Mütəxəssislər deyir ki, hətta Heydər Əliyevin ölkə başçısı olmaq ehtimalı da var idi. Əliyev ölkəyə başçılıq etsəydi SSRİ dağılmazdı. Amma Siyasi büronun ən köhnə üzvlərindən olan Andrey Qromıkonun sayəsində Qorboçov hakimiyyətə gəldi və ən böyük siyasi səhv buraxıldı. Çünki SSRİ dağılanda hamı gördü ki, Qorboçov necə liderdir”.

Nə oldusa həmin səhər yeməyindən sonra oldu.

Dağlıq Qarabağ müharibəsinin Əliyevin istefaya göndərilməsindən sonra başladığını vurğulayan Camal Camalov deyib ki, Heydər Əliyev vəzifəsində qalsaydı müharibə başlamayacaqdı:

“Əgər Əliyev Siyasi Büroda və Baş nazirin birinci müavini vəzifəsində qalsaydı Dağlıq Qarabağ müharibəsi başlamazdı. Buna əminəm. İlk dəfə açıqlayıram. 1987-ci il mayın 11-də iş otağına gəldi. O vaxtlar belə qanun var idi: Siyasi büro üzvlərinin yeməyini gündə 3 dəfə təhlükəsizlik qüvvələri xüsusi qutuda gətirirdi. Heydər Əliyev səhər yeməyini yedikdən 10 dəqiqə sonra özünü pis hiss etməyə başladı. Tez həkim çağırdıq. Nə oldusa həmin səhər yeməyindən sonra oldu. Mayın 11-dən sentyabrın 2-ə qədər Heydər Əliyev xəstəxanda qaldı. Həmişə ürəyi yaxşı olan adamın necə oldu ki, birdən ürəyi pis oldu? Sentyabrda işə qayıdandan sonra Qorboçov Əliyevin səhhətini bəhanə edərək onu istefaya göndərdi. Oktyabr ayında Əliyevlə Qorboçov təkbətək görüşdü. O, istefa ərizəsi yazmağa məcbur edildi. Kremldəki iş otağını son dəfə oktyabrın 23-ü günrota saatlarında tərk etdi. Çıxanda mənə Azərbaycan dilində bunları dedi: “Mən bu qədər xidmət etmişəm, amma indi bunların nə etməyə çalışdığını başa düşmürəm. Nə etmişəm onlara? Mənə qarşı niyə belə hərəkət edirlər?”-deyə C.Camalov vurğulayıb.

Hazırladı: Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti