Səyyad Salahlı din xadimlərini fəal olmağa çağırdı

Səyyad Salahlı din xadimlərini fəal olmağa çağırdı
  27 Sentyabr 2019    Oxunub:1583
26 və 27 sentyabr tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağcabədi Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Azərbaycanda dövlət din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.
Azvision.az xəbər verir ki, dindarlar, hüquq mühafizə orqanlarının rəhbərləri, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov mövzunun əhəmiyyətindən danışıb. Natiq Ağcabədidəki dini durum barədə də məlumat verib və bildirib ki, rayon ərazisində dini durum sabitdir. RİH-in başçısı onu da vurğulayıb ki, bu gün Azərbaycan dünyada, o cümlədən İslam aləmində vəhdətin, həmrəyliyin gücləndirilməsinə mühüm töhfələr verir.



DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışında bildirib ki, müstəqil respublikamızın qazandığı uğurlar heç şübhəsiz ki, Ümümmilli Lider Heydər Əliyevin fəaliyyəti ilə birbaşa bağlıdır. Onun sözlərinə görə, ölkəmizdə bütün sahələrdə olduğu kimi, dini sahədə də problemlər aradan qaldırılıb, dövlət-din münasibətləri yeni mərhələyə qədəm qoyub. Səyyad Salahlı onu da deyib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dini sahəyə, dindarlara diqqət və qayğı göstərilir. Bu gün dövlət başçımızın tapşırığı və şəxsi nəzarəti ilə Azərbaycanda onlarla dini abidə yerləri dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib. Dövlət Komitəsi sədrinin birinci müavini vurğulayıb ki, xalqımızın milli-mənəvi dəyərlərinin və çoxəsrlik adət-ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi, dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində böyük işlər görülməkdədir.



Dini radikalizmə mübarizə, dini maarifləndirmə tədbirlərindən də danışan Səyyad Salahlı radikalizm və ekstremizmlə mübarizədə hər kəsi, o cümlədən din xadimlərini fəal olmağa çağırıb. Bildirib ki, bu işdə bütün cəmiyyət aktiv iştirak etməlidir. S. Salahlının sözlərinə görə, müasir dövrdə radikalizm dünya miqyasında narahatlığa səbəb olan problemlərdən biridir. Dini radikalizm azlıq təşkil edən din mənsublarına qarşı fiziki-mənəvi təzyiqlər başda olmaqla, din adına törədilən terror aktlarınadək müxtəlif formalarda özünü göstərir. Bəşəriyyətin “qarayara”sına çevrilən radikalizmi, o cümlədən dini radikalizmi tamamilə yox etmək imkansız olsa da, onun qarşısını almaq, təhlükənin minimum həddə qalmasına nail olmaq və inkişaf etməsi üçün şəraitin yaranmasına imkan verməmək hər bir ölkənin milli təhlükəsizliyinin təmin olunması baxımından mütləqdir. Bu baxımdan dini radikalizmlə mübarizədə ən mühüm vasitə maarifləndirmə hesab edilir.



Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Ramazan Hüseynov, Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Ramil Baxşəliyev və başqaları çıxış edərək vurğulayıblar ki, milli və dini dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Qeyd olunub ki, bu dəyərlərin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.

DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filminin də nümayiş olunduğu ikigünlük seminar-müşavirə müzakirələrlə başa çatıb.

Azvision.az


Teqlər: Dini-Komitə  





Xəbər lenti