Barmaqsındırokratiya - Şəlalə Göytürkün yazısı

  27 Sentyabr 2019    Oxunub : 2982
 Barmaqsındırokratiya - Şəlalə Göytürkün yazısı
Şəlalə Göytürk

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun statusu göstərdi ki, demokratiya tələbi ilə küçələrə çıxanlar ailə içində diktatura yaradan şəxslərdir. Ölkə üçün azadlıq tələb edənlərin əksəriyyəti ailələrində köləlik sistemi qurur.
Burada söhbət konkret isimlərdən getsə də, hamıya məlumdur ki, bizdə ailədaxili zorakılıq ümumi problemdir. Etirazı olanlar əmin olsun, "Ay səni bayıra buraxanın" mahnısına gələn 5 milyon baxış sayında ermənilərin əməyi yoxdu. Toplum olaraq, əksəriyyətimizin mənəvi ölçülərimiz ibtidai, hüquqi təfəkkürümüz kasad, ictimai şüurumuz ümumiyyətlə yox, sosial davranışlarımız qüsurludur. Siyasi hüquq və azadlıqlar toplumun qazandığı ən üst gəlişimdi, bu gəlişim yalnız hüquqi dövlət və azad vətəndaş cəmiyyəti qura bilmiş ölkələrdə müşahidə olunur.

O ölkələrdə ki, orada “Ay səni bayıra buraxanın” təfəkkürü ya tarixən, yerli-dibli olmayıb, ya da bütünlüklə orta əsrlərə dair muzeylərə gömülüb.
Bu gün modern sivilizasiyanın elmi-texniki tərəqqi nərdivanına dırmaşmaq istəyən ölkənin dərsliklərində gələcəyin düzənini müəyyənləşdirəcək kosmologiya, robototexnologiya, gen mühəndisliyi kimi elmlərin əvəzinə, “ruzini verən allahdır” mövzusunda miskin şərq fantastikası tədris olunur.

Təbii ki, siyasi şüuru ədalətli şah axtarışından o tərəfə getməyən bir toplumun ədəbiyyatı, çobanın padşahı danlaması kimi nağıllar uyduracaq, siyasətçiləri Hammurapinin “kim sənin qulunu öldürsə, sən də onun qulunu öldür” kimi qanunlarını kainatın yaradıcısı adlandırdıqları allahın kitablarına soxuşdurmaqla məşğul olacaq. Belə darısqal, havasız ictimai mühitdə yetişən fərdi şüurlarda böyük burjua inqilabı püskürə bilərmi? Yiyəsiz yunan filosoflarından birinin imam Əlinin adına çıxılan yaxşı bir sözü var: “İnsanlar ata-analarından daha çox öz zəmanələrinə oxşayırlar”.

Başqa sözlə, insan öz cəmiyyətinin, içində olduğu ictimai mühitin kiçik maketidir.

Xatırlayıram, müxalifət düşərgəsinin əsas elektoratı olan dindarlar meydana “hicaba azadlıq” şüarları ilə çıxırdı. Qadınların tək-tük gözə dəydiyi o aksiyalarda həmin şüarı qışqıran bütünlüklə kişilər idi. Hətta geyim seçimini belə qadının öz ixtiyarına buraxmayan bir qrup kişi xeylağı hakimiyyətdən layiq olmadıqları azadlıqları tələb edirdi.

Maraqlıdı, görəsən, ağzına kimi dolu azadlıq onların nəyinə gərək idi? Qadınları daha çox qapatmaq, evdə döymək, qızları daha erkən yaşda ərə vermək üçün? Buradan belə anlaşılır ki, müxalifətə doluşmuş bu qüvvələr azadlıq, demokratiya kimi anlayışların mahiyyətini ya düzgün qavramır, ya da şüurlu surətdə saxtakarlıq, dələduzluq edirlər. Bəlkə də bu adamlar demokratiyanı bir qrup qaragüruhun bütün istiqamətlərdə limitsiz azadlığı kimi başa düşürlər.

Ölkə qanunvericiliyində ailədaxili zorakılığın qadağan edilməsi çox güman ki, bunların qavramında kişinin döymək hüququnun əlindən alınması kimi yozulur.
Qısası, Azərbaycan müxalifətinin davası demokratiya yox, nəyin bahasına olursa-olsun, hakimiyyəti ələ keçirmək istəyidir.

Şəlalə Göytürk
Azvision.az üçün

Teqlər: AXCP   Demokratiya