İndi peşə sahibi olmaq daha ASANdır - REPORTAJ (FOTOLAR)

İndi peşə sahibi olmaq daha ASANdır -  REPORTAJ (FOTOLAR)
  27 Sentyabr 2019    Oxunub:11467
İmişli “ASAN Həyat” kompleksində fəaliyyət göstərən “ASAN Peşə” mərkəzində müxtəlif kurslar mövcuddur. Həmin kurslarla tanış olmaq məqsədilə “ASAN Peşə” mərkəzinə media-tur təşkil olunub.
Azvision.az -ın əməkdaşları da mediaturda iştirak ediblər. Məlumat üçün deyə bilərik ki, burada aqroservis mütəxəssisi, dərzi, kompüter, aktyorluq ixtisaslarına aid biliklər tədris olunur. Gələcəkdə kursların daha da genişləndirilməsi və başqa sahələri əhatə etməsi planlaşdırılır.

Kursların məqsədi ixtisaslı kadrların hazırlanması və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılmasıdır. “ASAN Peşə” mərkəzi bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunub.



Kompüter kursuna qatılanlara əvvəlcə “Word” və “Excel” proqramları öyrədilir. Müəllimin dediyinə görə, məqsəd tələbələrdə ofis proqramları barədə ilkin məlumatların olmasıdır:

“Çalışırıq ki, tələbələr ofis proqramlarını öyrənsinlər. Heç olmasa, gələcəkdə işə qəbul olan zaman bundan anlayışları olsun. Tələbələrin dərsələrə maraqla yanaşırlar, öyrənirlər. Bizim kurslarda hər kəs iştirak edə bilər, yaş məhdudiyyəti yoxdur”.



Daha sonra dərzi otağında yaradılan şəraitlə tanış olduq. Kursa qatılan tələbələr bu sahəni öyrənmələri üçün hər cür dərs vəsaiti ilə təmin olunduqlarını deyirlər.



Tələbələrinə dərzi sənətinin sirlərini öyrədən Səidə Əliyevanın sözlərinə görə, kursların keçirilmə müddəti 3 aydır. Onlar artıq 6 dərs keçiblər və kursa qatılan xanımlar işləri müəyyən qədər öyrəniblər:

“Bu müddətdə sərbəst ətək tikməyi öyrəniblər. Ən müasir avadanlıqlarla təmin olunmuşuq və öyrənmək üçün hər cür şərait yaradılıb. Xanımlara maşında tikməyi, paltarların kənarını toxumağı və digər işlər öyrədilir. Bu kurslarda keçirilən dərsləri mənimsəyən xanımlar həm özləri, həm də digər şəxslər üçün paltar tikməyi bacaracaqlar”.



Aqroservis mütəxəssisi kurslarının tələbəsi, 21 yaşlı Elvin Rüstəmov bir aydır dərslərdə iştirak edir. O, dərslərin yaxşı keçirildiyini və müəllimlərin onları həvəslə öyrətdiyini söyləyib.

“İxtisasımız olan aqroservislə bağlı dərslər alırıq və bu sahədə mütəxəssis kimi yetişməyə çalışırıq. Ölkəmizdə aqrar sahəyə xüsusi diqqət göstərilir. Aqroservislər kənd təsərrüfatı üçün çox əhəmiyyətlidir. Çalışıram ki, bu sahədə mütəxəssis kimi yetişim və ölkəmizə fayda verim”.



Mərkəzdə gənclərin aktyorluq sənətinə yiyələnmsi üçün də imkanlar yaradılıb. Belə ki, kompleksin daxilində Gənc İstedadlar Teatrı fəaliyyət göstərir. Teatrla tanışlıq zamanı gənclərin yeni hazırladıqları tamaşanın məşqini izlədik. Tamaşa barədə bizə Könüllülər üzrə məsul şəxs Nicat Abbaszadə məlumat verib. Aktyorluq bacarığı olan Nicatın bildirdiyinə görə, mərkəz fəaliyyətə başladığı vaxtdan burada teatr fəaliyyət göstərir. O, əlavə edib ki, rayon gəncləri öz istedadlarını göstərmək üçün teatra üz tuta bilərlər.

“Asudə vaxtların dəyərləndirilməsi üçün burada professional rejissor da var. Bu baxımdan aktyorluq bacarığı olan şəxslər daha təkmilləşdirilir, səhnəciklər hazırlanır və rayon ictimaiyyətinə təqdim olunur. Teatr kurslarının müddəti şəxslərin səhnəni hansı formada qavramağından asılı olaraq dəyişir".



Könüllü Zəhra Qurbanova məşqdən sonra hazırladıqları səhnə barədə danışıb. Qeyd edib ki, tamaşa Şıxəli Qurbanovun “Olmadı belə, oldu elə” adlı komediya janrında yazılmış əsər əsasında hazırlanıb.

“Bir aydan çoxdur ki, məşqlərimiz davam edir. Yaxın zamanlarda tamaşanı təqdim etmək fikrimiz var. Könüllülər asudə vaxtlarında burada məşq edir. Boş vaxtlarımızı dəyərləndiririk”.

“ASAN Peşə” mərkəzi ilə tanışlıq zamanı burada gənclərin müxtəlif ixtisaslara yiyələnməsi üçün hər cürə şəraitin yaradılmasını müşahidə etdik.



































Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: İmişli   ASANPeşə   ASANHəyat  





Xəbər lenti