Həmsədrlər Bakı və İrəvana səfər edəcək

 Həmsədrlər Bakı və İrəvana səfər edəcək
  26 Sentyabr 2019    Oxunub:1956
ATƏT-in Minsk Qrupu həmsədrləri yaxın vaxtlarda Ermənistana və Azərbaycana səfər edəcəklər.
Azvision.az xəbər verir ki, bununla bağlı həmsədrlərin nazirlərin Nyu-York görüşü ilə bağlı bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ) BMT-nin Baş Assambleyasının 74-cü sesssiyası çərçivəsində Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Zohrab Mnatsakanyan və Elmar Məmmədyarovla görüşüblər.

Həmsədrlər, həmçinin ATƏT-in baş katibi Tomas Qreminger, ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçak və BMT-nin yüksək səviyyəli rəsmiləri ilə də görüş keçiriblər. Onlar hər iki ölkənin xarici işlər nazirlərinə iyun ayında Vaşinqtonda keçirilmiş birgə görüşdən və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı humanitar, təhlükəsizlik aspektləri üzrə Paris və Cenevrədəki son müşavirələrdən sonrakı fəaliyyətləri barədə məlumat veriblər.

Tərəflərin yay aylarında zorakılıq hallarını minimuma endirməyi yüksək dəyərləndiriblər, mövcud birbaşa əlaqə kanallarından istifadənin müsbət nəticələrini qeyd ediblər. Son ölüm hadisəsinə təəssüfləndiklərini bildiriblər.

Həmsədrlər və nazirlər gərginliyin azaldılması, sülhə və əsaslı danışıqlara şərait yaradan əlavə tədbirləri müzakirə etməyə davam ediblər. Həmsədrlər yaxın vaxtlarda bölgəyə səfər etmək niyyətindədilər. Hələlik səfərin dəqiq vaxtı məlum deyil.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ATƏT  





Xəbər lenti