Elmar Məmmədyarov beynəlxalq təşkilatlara çağırış edib

 Elmar Məmmədyarov beynəlxalq təşkilatlara çağırış edib
  26 Sentyabr 2019    Oxunub:3047
Terrorizm və bununla əlaqəli cinayətkar fəaliyyətlər, beynəlxalq sülhə və təhlükəsizliyə, insan hüquqları və əsas azadlıqlarından sərbəst istifadə edilməsinə, o cümlədən bütün üzv dövlətlərin siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə ciddi təhlükə olmaqda davam edir. Bu cür fəaliyyətlər sosial və iqtisadi inkişafa da mane olur.
Azvision.az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının Nazirlər Debatındakı çıxışında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.

Nazir qeyd edib ki, terrorizm ən ağır cinayətlərdən biridir, buna görə də pislənilməli və bunu törədənlər mühakimə olunmalıdır. Terrorçuların müdafiə edilməsi və ideallaşdırılması hallarına yol verilməməlidir.

“Azərbaycanın həssas coğrafi mövqeyi və bölgədəki həll olunmamış münaqişələrin davam etməsi, üstəlik hamıya məlum olan etnik təmizləmə və ölkəmin suveren ərazilərinin işğalı, terrorçuluq da daxil olmaqla transsərhəd təhlükələrin səviyyəsini yüksəldir. 1980-ci illərin sonundan etibarən, əsassız və qanunsuz ərazi iddialarını həyata keçirmək üçün bir vasitə və müharibə üsulu olaraq, Azərbaycana qarşı dəfələrlə, minlərlə vətəndaşın ölümünə səbəb olan xaricdən yönləndirilmiş terror hücumları həyata keçirilib”, -deyə XİN rəhbəri vurğulayıb.

E.Məmmədyarov deyib ki, terrorizmin yayılmasına səbəb olan bütün amillərin aradan qaldırılmasının vacibliyini dərk etməklə yanaşı, dünyanın müxtəlif yerlərində münaqişələrin həlli istiqamətindəki səyləri gücləndirmək vacibdir. Silahlı münaqişə bölgələri, xüsusən də xarici hərbi işğal altında olan ərazilər, terrorçulara və mütəşəkkil cinayətkar qrup və şəbəkələrə təbii sərvətlərin istismarı, narkotik vasitələrin və mədəni sərvətlərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və digər əlaqəli cinayətlərdən yararlanmaq üçün əlverişli şərait yaradır.

“Əməkdaşlığın və əlaqələndirmənin inkişaf etdirilməsi və üzv dövlətlərin beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə imkanlarının gücləndirilməsi üçün Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq, regional və sub-regional təşkilatlar tərəfindən əhəmiyyətli səylər göstərildiyini təqdir edirik. Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü kimi Azərbaycan Respublikası dövlətlərin suveren bərabərliyi və ərazi bütövlüyü prinsiplərinə uyğun olaraq bu çoxtərəfli platforma çərçivəsində əməkdaşlığın davam etdirilməsində və ikitərəfli əsasda MDB üzv dövlətləri ilə qarşılıqlı faydalı iqtisadi, siyasi, hüquqi və humanitar əlaqələrin inkişafında maraqlıdır. Dialoq tərəfdaşı kimi Azərbaycan dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmət kimi dəyərlərə/normalara əsaslanan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) məqsəd və prinsiplərini bölüşür və BMT ilə ŞƏT arasında davamlı əməkdaşlığı tam dəstəklədiyini bir daha izhar edir.

Azərbaycan regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, terrorizm, ekstremizm və separatizm, habelə narkotik ticarəti və əlaqəli cinayətkarlığa qarşı mübarizə aparılması, o cümlədən qarşılıqlı maraq və narahatlıq doğuran digər sahələrdə regional əməkdaşlığın təşviq edilməsi üçün ŞƏT ilə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməkdən məmnundur.

Birləşmiş Millətlər Təşkilatı və regional təşkilatlar arasında əməkdaşlıq Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinin təşviq edilməsi baxımından zəruridir. Bir sıra hallarda aydındır ki, regional və sub-regional təşkilatlar bu xüsusda əvəzedilməz mexanizmlərdir.

Bununla yanaşı, ciddi problemlər hələ də mövcuddur. Regional təşkilatlar öz bölgələrinin qarşılaşdıqları təhdid və çətinlikləri dərk etmək bacarığına malik olsalar da, heç də hamısı, onlara üzv dövlətlərin qanunla müəyyən edilmiş müvafiq öhdəliklərinə əməl etmələrini təmin etmək qabiliyyəti, siyasi iradəsi və institusional potensialına sahib deyillər.

Hər şeydən əvvəl, regional təşkilatlar beynəlxalq hüququ kobud şəkildə pozan və cəzasızlıq mədəniyyətini təbliğ edənlər tərəfindən sui-istifadə olunmaları hallarına yol verməməlidirlər. Bütün üzv dövlətlərin beynəlxalq öhdəliklərinə əməl etmələri və BMT Nizamnaməsinin tələb etdiyi kimi, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələri yerinə yetirmələri çox vacibdir. Onlar, həmçinin terror və əlaqəli cinayətkar fəaliyyətlərin, xüsusilə də hər hansı bir bəhanə və ya sipər altında, bilavasitə və ya dolayı yolla dəstəklənməsi və ya maliyyələşdirilməsi üçün öz ərazilərinin istifadə edilmədiyindən əmin olmalıdırlar” - nazir çıxışında bildirib.

Azvision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti