Xəbərdarlıq: Maqnit qasırğası gözlənilir

  26 Sentyabr 2019    Oxunub : 1304
 Xəbərdarlıq: Maqnit qasırğası gözlənilir
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.
Rəsədxanadan Azvision.az -a verilən məlumata görə, hazırda Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn tac kütlə atılması müşahidə olunmayıb. Günəş küləyi parametrlərində ümumən yavaş külək rejiminə uyğun qiymətlər müşahidə olunub. Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakitdir (Kp=2, 3).

Kosmik hava proqnozuna əsasən, proqnoz dövründə (26 - 28 sentyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Sentyabrın 26-28-də Günəş küləyi parametrlərinin əhəmiyyətli dərəcədə güclənəcəyi proqnozlaşdırılır. Küləyin sürəti 650 – 700 km/san-yə qədər artacaq. Sürətin artmasına əsas səbəb kimi tac dəliyindən çıxan yüksək sürətli axınlar effektini göstərmək olar. Planetlərarası maqnit sahəsində güclü həyəcanlaşma gözlənilir.

Proqnoz dövründə geomaqnit sahədə ilk gün (26 sentyabr) ümumən sakitlik (Kp=2, 3), lakin fasilələrlə fəal şərait (Kp=4) müşahidə olunacaq. Güclənən Günəş küləyi səbəbindən CH HSS effektinin təsirindən ikinci proqnoz günü, yəni sentyabrın 27-də günün ikinci yarısından etibarən G1-Minor səviyyəli (Kp=5) maqnit qasırğasının olacağı və fasilələrlə G2-Moderate səviyyəli (Kp=6) qasırğaya çevriləcəyi gözlənilir. Eyni həyəcanlaşmanın sentyabrın 28-də də davam edəcəyi proqnozlaşdırılır. Həmin günün ikinci yarısından etibarən maqnit qasırğasının yaratdığı şərait nisbətən az fəal şəraitlə (Kp=4) əvəzlənəcək, günün sonuna isə ümumi sakitliyin bərpa olunacağı ehtimal olunur. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk gün (26 sentyabr) 5%-dən, ikinci (27 sentyabr) və üçüncü (28 sentyabr) proqnoz günü isə uyğun olaraq 35% və 40%-dən aşağı qiymətləndirilir.

Rəsədxanadan bildirilib ki, geomaqnit sahədə maqnit qasırğasının yaratdığı belə fəal şərait enerji sistemində və peyk yayınlarında, radiorabitədə mənfi təsirlərə səbəb olur. Təbii ki, sürətli Günəş küləyi rejimi, maqnit sahəsinin nizamsız həyəcanlaşmaları canlı orqanizmlərə də mənfi təsir göstərir. Bu həyəcaşlanmalar xüsusi risk qrupundan olan xəstə və hətta bəzi sağlam insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatlıqlar, yuxusuzluq, stres və depresiya tipli hissiyat meydana gətirə bilər. Məsləhət görülür ki, belə günlərdə qan təzyiqi gün ərzində vaxtaşırı ölçülsün və həkim nəzarəti altında müəyyən profilaktik tədbirlər görülsün, çoxlu təmiz su içmək faydalıdır, kofein və alkoqol tərkibli içkilərdən imtina etmək məsləhətdir. Həmçinin kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlaşmalarının sağlamlığa mənfi təsiri riskini azaldır.

Azvision.az

Teqlər: Rəsadxana   Qasırğa   Maqnit