İlham Əliyev: “Bu gün savad, bilik hər şeyi həll edir”
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2018-ci ilin avqust ayından oktyabradək olan dövrü əhatə edir.
Çoxcildliyin 89-cu kitabında Prezident İlham Əliyevin Rusiya Federasiyasına, Xorvatiya, Tacikistan və Qırğız respublikalarına səfərləri, həmçinin Rusiya, Türkiyə və Monqolustan prezidentlərinin Azərbaycana səfərləri zamanı apardığı danışıqlara, imzalanan sənədlərə dair informasiyalar, mətbuata bəyanatların mətnləri toplanıb.
Nəşrdə Azərbaycan Prezidentinin Yaponiya, İsrail, Avstriya, Bolqarıstan, ABŞ və digər dövlətlərin, ATƏT-in, NATO-nun yüksəkvəzifəli nümayəndələrini qəbul etməsinə dair materiallar yer alıb.
Prezident İlham Əliyev bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.
Oxucu kitabda dövlətimizin başçısının Bakı şəhərinin erməni işğalçılarından azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradda və Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə Milli Məclisdə keçirilmiş təntənəli iclasda çıxışlarının mətnləri ilə tanış ola bilər.
Azərbaycan Prezidentinin Masallı, Biləsuvar, Xızı, Lənkəran, Astara rayonlarına, Quba şəhərinə səfərlərinə dair materiallar, Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, digər mühüm tədbirlərdə nitqlərinin mətnləri də bu nəşrə daxil edilib.
Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.
“Azərnəşr” tərəfindən buraxılan 89-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev Kitab