İran generalı ABŞ və İsrailə meydan oxudu

  24 Sentyabr 2019    Oxunub : 1160
 İran generalı ABŞ və İsrailə meydan oxudu
"İrana qarşı təcavüz tamamilə məğlubiyyətlə başa çatacaq".
Azvision.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri deyib.

"ABŞ və ya İsrail ölkəmizə qarşı hərəkətə keçərsə, qətiyyətli cavab verəcəyik. İrana qarşı təcavüzün nəticəsi yalnız məğlubiyyət və əsirlik ola bilər",- deyə general bildirib.

O, məlum açıqlamanı Səudiyyə Ərəbistanına məxsus neft şirkətinə edilən hücumlara görə ABŞ-İran münasibətlərinin yenidən pisləşməsi fonunda verib.

Qeyd edək ki, sentyabrın 14-nə keçən gecə Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"ya məxsus iki fabrikə 10 pilotsuz uçuş aparatı hücum edib. Hücuma görə məsuliyyəti "Ənsar Allah" hərəkatından olan husi qiyamçıları öz üzərinə götürüb.

ABŞ dövlət katibi Mayk Pompeo hücumlarda Tehranı ittiham edərək bildirib ki, ölkəsi İranın "təhdidedici
davranışına" dözməyəcək. İran XİN-i isə bu açıqlamaları əsassız adlandırıb.

Sentyabrın 20-də ABŞ-ın müdafiə naziri Mark Esper və ölkənin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danford isə bəyan edib ki, Orta Şərqə əlavə qoşun və hava hücumundan müdafiə vasitələri yerləşdirir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: İran   ABŞ