AzTU-nun rektoru tələbələrlə görüşdü

  23 Sentyabr 2019    Oxunub : 1364
AzTU-nun rektoru tələbələrlə görüşdü
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyevin sentyabrın 23-də ölkənin aparıcı ali texniki təhsil ocağının birinci kurs tələbələri ilə görüşü keçirilib.
AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, yeni tələbə adını qazanan gəncləri təbrik edən rektor Texniki Universiteti digər ali məktəblərdən fərqli edən cəhətlərə diqqəti cəlb edib, tələbələrə olan tələb və gözləntilərini səsləndirib.

AzTU-nun təcrübəli professor-müəllim heyətinə sahib olmasından, tələbə-müəllim münasibətlərindən, yeni tədris ilində ciddi dəyişikliklərin hədəfləndiyindən danışan professor V.Vəliyev keçmişi arxada buraxaraq gələcəyə baxmağa çağırıb, yaşadığımız elmi-texnoloji inqilablar dövründə müasir təhsil üsullarına keçməyin vaxtı çatdığını bəyan edib.



Tələbələri fəal olmağa çağıran, “zəif, kəsirli tələbə bizə yad olmalıdır” deyən rektor şəffaf münasibətləri vacib saydığıni, tələbələrin yanında olacağını, onlara hərtərəfli dəstək verəcəyini bildirib: “Mən sizin dostunuz olacağam!”

V.Vəliyevin sözlərinə əsasən, AzTU Elmi Şurasının oktyabrın 2-də keçiriləcək iclasında Texniki Universitetin fəaliyyəti və gələcək inkişafı üçün önəmli məsələlər müzakirə ediləcək və mühüm addımlar atılacaq.

Görüşdə AzTU rektoru tələbələri maraqlandıran və narahat edən sualları cavablandırıb, onlara bir daha uğurlar arzulayıb.

Azvision.az

Teqlər: AzTU   Rektor   Tələbə