Milli Məclisdə komitə iclası keçirilib

  23 Sentyabr 2019    Oxunub : 1242
Milli Məclisdə komitə iclası keçirilib
Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib.
Azvision.az xəbər verir ki, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov iclası açaraq bildirib ki, gündəliyə “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi daxil edilib.

V.Ələsgərov dəyişikliyin mahiyyəti barədə məlumat verib. Qeyd olunub ki, qanuna “Keçid müddəaları” adlı yeni 32-ci maddənin əlavə edilməsi təklif olunur. Yeni maddəyə görə, bu qanunda nəzərdə tutulmuş Azad Zona səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Azad Zona səlahiyyətli qurumunun və İdarə Heyətinin hüquqlarını və vəzifələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan müvəqqəti idarəetmə qurumu həyata keçirir.

Vurğulanıb ki, Azad İqtisadi Zona ərazisində lazımi təşkilati məsələləri həll etmək üçün müvafiq səlahiyyətli qurum olmalıdır. Bu qurum infrastrukturun yaradılması, kadrların hazırlanması, layihələrin həyata keçirilməsi, ətraf mühit problemlərinin həlli və digər zəruri işlərin yerinə yetirilməsinə xidmət edəcək. Nəzərdə tutulan düzəliş Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin daha səmərəli olmasını və daha da sürətləndirilməsini nəzərdə tutur.

İclasda çıxış edən deputatlar Vahid Əhmədov, Rüfət Quliyev, Əli Məsimli, Cavid Qurbanov məsələ barədə fikirlərini açıqlayıblar. Bildirilib ki, ümumiyyətlə, Azad İqtisadi Zonanın fəaliyyətə başlaması iqtisadiyyatın inkişafına, o cümlədən Ümumi Daxili Məhsulun artmasına müsbət təsir göstərəcək, neftdən kənar sahələrin ixrac imkanlarını genişləndirəcək.

Müzakirələrin yekununda “Ələt azad iqtisadi zonası haqqında” qanunda dəyişiklik edilməsi barədə” sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Azvision.az

Teqlər: MilliMəclis   İclas   Komitə